Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid məqaləsi vikipediyadan silinib.
Asayis.Az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas məlumat paylaşıb.
O bildirib ki, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən silinib və buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğu əsas gətirilib:
“Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla, 5 dildə məqaləsini yaradıb. “Artsax”a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediyaya yerləşdirilib.
Qlobal vikipediyaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediyadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır.
Mənim məqaləmin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediyasının tör-toküntü saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq.
Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediyaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş Prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm”.