Deputat seçilən məmurlar - Onlar nə vaxt istefa verəcək?

 Deputat seçilən məmurlar - Onlar nə vaxt istefa verəcək?

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçirilib. 

Majoritar seçki sistemi ilə keçirilən səsvermədə 125 yer uğrundə 990 nəfər mübarizə aparıb. Deputat seçilənlər arasında yüksək vəzifəli şəxslər də var. 

Asayis.Az deputat seçilən məmurları təqdim edir.  

Onlardan biri Əli Əhmədovdur. O, 2013-cü ildə Baş nazirin müavini təyin edilib. Əli Əhmədov YAP-ın budəfəki siyahısında yeni adlardan biri olsa da, uzun illər Milli Məclisdə hakim partiyanı təmsil edib. O, II, III və IV çağırış parlamentin deputatı olub. YAP-ın sədr müavini 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülüb. Əli Əhmədov 13 min 407 səslə (73,2 faiz) deputat seçilib. 

YAP-ın namizəd siyahısındakı digər məmur Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb. İcra başçısı 12 min 942 səslə (80 faiz) deputat seçilib. 

Namizədlərin siyahısında Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. 65 yaşlı Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının sədri (2007–2013) kimi vəzifələrdə də çalışıb. O, 12 min 629 səslə (67,3 faiz) dairəsinin lideridir. 

YAP-ın siyahısındakı növbəti məmur Mehriban Vəliyevadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP-ı təmsil edib və 5 min 752 səslə (36,5 faiz) mandat qazanıb. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə də 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. O, namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən 12 min 396 səslə (60,3 faiz) deputat seçilib. 

49 saylı Abşeron ikinci seçki dairəsindən deputat seçilən Rizvan Nəbiyev Xarici İşlər Nazirliyinin Linqivistik Təminat İdarəsinin rəisi vəzifəsində çalışır. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin lider namizədi Zaur Şükürov isə ölkəmizin Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkilidir. 

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da deputat seçilənlər arasınadır. O,  19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır.  Sabiq deputat 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsində çalışıb. Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir. O, 108 saylı Ağstafa seçki dairəsindən deputat mandatı qazanıb. 

48 saylı Abşeron birinci seçki dairəsindən deputat seçilən Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur. 

50 saylı Abşeron üçüncü seçki dairəsindən 59 faiz səslə deputat seçilən Ramid Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışır. 

121 saylı Laçın seçki dairəsindən deputat mandatı qazanan Rövşən Muradov Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da deputat seçilənlər arasındadır. O, 124 saylı Şuşa-Xocavənd-Ağdam seçki dairəsindən namizədliyini irəli sürmüşdü. 

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzifə tuta bilməz. Onlar mandatı təsdiq ediləndən sonra vəzifələrindən istefa verməli olacaqlar. (Modern.az )

16:37 - 2 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin