Paşinyan Bakıya buna görə gəlir - Məlum oldu

 Paşinyan Bakıya buna görə gəlir - Məlum oldu

Ermənistan baş naziri Nikol Paşinyanın COP29 tədbiri ilə bağlı Bakıya gəlməsi hər iki ölkənin gündəmindədir. Erməni mətbuatının proqnozlarına görə, Paşinyan Əliyevin dəvətini qəbul edərək, COP-29-da iştirak üçün Bakıya gedərsə, Azərbaycanın Minsk qrupunun ləğv edilməsi üçün birgə bəyanatın verilməsi ilə bağlı istəyini yerinə yetirəcək. Bir çox siyasi analitik fikrincə, Paşinyan Azərbaycanla sülhə və danışıqlara nail olmaq üçün Bakıdakı tədbirə mütləq şəkildə qatılacaq. 

Bəs görəsən, proqnozlar özünü doğruldacaqmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Paşinyanın Bakıya gəlməsi özü və ölkəsi üçün çox önəmlidir: 

“Paşinyanın ağlı olsa Bakıya gələr və COP29-a qatılar. Çünki Paşinyanın bu qərarı ilə Ermənistanın da gələcək addımları bəlli olacaq. Əgər Paşinyan sülh müqaviləsi bağlamaq istəyirsə, regionda əmin-amanlığın tərəfdarıdırsa, COP29-da mütləq iştirak etməlidir. Bu Paşinyan və Ermənistanın gələcəyi üçün olduqca əhəmiyyətli addım ola bilər. Ona görə də düşünürəm ki, Paşinyan bu təklifi dəyərləndirməlidir. Sarkisyan və Köçəriyandan fərqli olaraq, Paşinyan müharibədə iştirak etməyib. Paşinyan həmin vaxt müxalifət qismində çıxış edirdi. Jurnalist olaraq fəaliyyət göstərirdi. Ona görə də, Paşinyan öz imicinin artması üçün bu dəvəti qəbul etməlidir”. 

Novella Cəfəroğlu Ermənistan üçün iqtisadi və sosial rifah yolunun məhz Azərbaycanla münasibətlərin normallaşmasından keçdiyini qeyd edib:

“Digər tərəfdən sülh müqaviləsinin imzalanması üçün Qərbin də ciddi təzyiqləri var. Qafqazda sabitliyin bərqəarar olması təkcə Azərbaycandan asılı deyil. İstər Gürcüstan, istərsə də Ermənistan da bu istiqamətdə əsaslı addımlar atmalıdır. Yalnız belə olarsa biz daimi sülhü əldə edə bilərik. Qafqazda təhlükəsizlik, sabitlik və rifah üçün bu çox önəmlidir. Danışıqlar müsbət nəticə verərsə, növbəti mərhələdə Zəngəzur dəhlizinin və Türkiyə Ermənistan sərhədlərinin açılması istiqamətində müzakirələr aparmaq olar. Ermənistan başa düşməlidir ki, Azərbaycanla münasibətləri qaydasına qoymaq onun üçün həm də iqtisadi qazancdır. Bu məsələləri Paşinyan özü fikirləşib qərar verməlidir”.

17:19 - 19 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin