ABŞ dövlət katibi Antoni Blinken Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinə İran və “Hizbullah” hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.
Asayis.Az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə çalışmaq üçün və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb.
Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.
Mənbələr bildiriblər ki, Blinken İran və “Hizbullah”ın yəhudi dövlətini vuracağına əmindir, lakin bu addımın konkret olaraq nə olacağı bəlli deyil. O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, amerikalı diplomat Yaxın Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəs danışıqlarına təsirindən məyus olduğunu bildirib.
Blinken söhbət zamanı deyib ki, Amerika administrasiyası Haniyənin öldürülməsindən əvvəl tərəflərin razılığa gəlməyə həmişəkindən daha yaxın olduğunu hiss edirdi.
Bundan əvvəl Dövlət Departamenti bildirib ki, Blinken G7 ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı aparıb və o, Yaxın Şərqdə gərginliyin azaldılması üçün təcili addımların atılmasını müzakirə edib. (Report)