Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə - Azərbaycanla sərhədə səfər edəcək.
Asayis.Az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr mənbələrinə istinadən yazır ki, Paşinyanın səfəri bu gün – avqustun 2-də baş tuta bilər. Erməni baş nazirin səfər zamanı doğulduğu İcevana, eləcə də sərhədin demarkasiya edilən hissələrinə, xüsusilə Kirantsa baş çəkəcəyi gözlənilir.
Ermənistan mediası iddia edir ki, Paşinyanın sərhədə növbəti səfəri yeni ərazilərin Azərbaycana təhvil verilməsi planı ilə bağlıdır.
Arçakut ağsaqallar şurasının üzvü Karen Qazaryan bildirib ki, növbəti kənd Berbakerdir.
Qeyd edək ki, ermənilərin Berbaker adlandırdığı bu kəndin əsl adı Bibişdir. Qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qaldı. Paşinyan daha əvvəl demarkasiya ediləcək növbəti ərazilər arasında bu kəndin də adını çəkmişdi.
Qazaryan iddia edir ki, Paşinyanın bölgəyə səfər proqramına Berbaker kəndinə baş çəkmək də daxildir.
“Baş nazir avqustun 3-də kəndə gələcək və demarkasiya zamanı Azərbaycana qaytarılacaq ərazilər məsələsi müzakirə ediləcək. Məlumatlara görə, kənddə müəyyən ərazilər təhvil veriləcək, hökumət də sakinlərə kompensasiya ödəyəcək”, - o iddia edir. (Publika.az)