Rusiya yaxın vaxtlarda Qafanda konsulluq aça bilər. APA-nın TASS-a istinadən xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib ki, yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq. O əlavə edib ki, Ermənistanla yanaşı, Maldivdə və İndoneziyanın Balı adasında da baş konsulluğun açılmasına qərar verilib.
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir və pisləşməyə doğru gedir:
“Düzdür vaxtaşırı tərəflər arasında müəyyən yumşalmaların olması təəssüratı yaransa da reallıq ondan ibarətdir ki, Paşinyan hakimiyyətdə qaldığı təqdirdə iki ölkənin münasibəti əvvəlki kimi olmayacaq. Yaxın 5-10 il ərzində vəziyyət çətin ki əvvəlki kimi olsun. Rusiyanın indiki məqamda konsulluq açmaq istəməsi mövcud vəziyyəti dəyişməyəcək. Konsulluqlar vətəndaşlara xidmət edir, Ermənistanda da kifayət qədər Rusiya vətəndaşı yaşayır. Bunu Rusiyanın öz vətəndaşlarının qeydinə qalmaq istəyi kimi qiymətləndirə bilərik. Ümumilikdə isə Rusiya Ermənistanı tərk etmək istəmir. Həm də Ermənistanın nəbzini yoxlamaq istəyir. Ermənistanda Rusiyaya qarşı mövqe nədir, Paşinyan hakimiyyəti nə etmək istəyir – bunlardan xəbərdar olmaq istəyir. Hesab edirəm ki, Rusiya Ermənistanda konsulluq açsa da münasibətlər Paşinyan hakimiyyətdən getsə belə hələ bir müddət əvvəlki kimi olmayacaq”.