Layihənin icrasında əsas məqsədlərdən biri paytaxt sakinləri və turistlər üçün əlverişli məkanların sayının çoxaldılmasıdır. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı müasir işıqlandırma sistemlərinin quraşdırılması da planlaşdırılır.
Memar Aysel Hüseynova deyir ki, Bakıda yerlərdə yaşıllıq ərazilərin yaradılmasına ehtiyac var.
Onun sözlərinə görə, bu yolla istifadəsiz qalan torplaqlardan faydalanmaq olar.
Baş plana əsasən sənədin icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, 28 may və Lökbatan ərazisində Hibrid Dəhlizlər daxilində yaşıllıqların salınması, Böyükşor gölü ətrafında Meşə parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının, Bülbülə və Zığ göllərinin təmizlənərək rekreasiya zonalarının yaradılması planlaşdırılır.
Memar bildirib ki, yeni 6 parkın salınması Bakıda turizmin inkişafına da töhfə verəcək.