Əməkdar jurnalist Mirşahin Ağayev diqqət çəkən açıqlamalar edib. OLAY yazır ki, o, televiziyaların işi və tamaşaçılardan danışıb. Jurnalist bu barədə Elnurə Nağıyevanın moderatorluğu ilə təqdim olunan “30+” yutub layihəsində danışıb: “Sənin ailəndə əgər sözün övladına, həyat yoldaşına keçmirsə, sən hansı haqla hansısa bir televiziyanın rəhbərinə deyə bilərsən ki, “Niyə göstərirsiniz bunu”. Ay mənim əziz tamaşaçı bacım və qardaşım, atam-anam, siz futbola baxırsınız, sizin işiniz əl çalmaqdır. Qol olanda qışqırmaqdır. Amma daha girib oyunçunu dəyişə bilməzsiniz. Hakimin əlindən fiti alıb çala bilməzsiniz. Qapıçını qovub yerində dura bilməzsiniz. Tamaşaçısınızsa, tamaşaçı yerinizdə oturun. Evində tamaşaçı ailə üzvündürsə, onu çək televizorun qabağında, qoy qırağa, ona başqa şey göstər. Əgər sənin evində öz ailə üzvünə göstəriş verməyə gücün çatmırsa, məni məzur tut. Mənə göstəriş vermə, mən öz işimi yaxşı bilirəm. Eləcə də, digər telekanallar. Çox mühüm məsələ var burada. Efir təhlükəsizliyi, tamaşaçı təhlükəsizliyi var. Azərbaycan televiziyalarının bir vəzifəsi də tamaşaçıları ekran qarşısında saxlamaqdır. Əgər o bunu saxlaya bilməsə, həmin adam başqa kanalın, başqa ölkənin aparıcısının təsiri altında olacaq və o adama qulaq asacaq. Qoy yaxşısı budur, bizim tamaşaçılarımız bizim layihələrimizə qulaq assın və bizim dövlətə lazım olan mesajları həmin o aparıcılar vasitəsilə çatdıraq”.