Kəndlərdə təmizləmə əməliyyatı başlayacaq - Müqavimət olsa...

 Kəndlərdə təmizləmə əməliyyatı başlayacaq - Müqavimət olsa...

Ermənistan Baş naziri Nikol Paşinyanın işğalda olan Azərbaycan kəndləri ilə bağlı açıqlamaları daxili auditoriyada normal qarşılanmayıb. Qarşı tərəf kəndləri təhvil verməsə, hansı hadisələrin baş verəcəyinin fərqindədir. Ermənistan yeni müharibə riskini nəzərə alaraq bu addımı atmaq məcburiyyətindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, Azərbaycan kəndlərin azad edilməsi üçün müharibəyə başlamaq niyyətində deyil:

“Sadəcə olaraq Xüsusi Təyinatlı Qüvvələr həmin kəndlərdə təmizləmə işinə başlayacaq. Müqavimət göstərənlər isə ya məhv ediləcək, ya da ərazidən çıxarılacaq. Burada başqa bir yanaşma ola bilməz”.

Millət vəkili hesab edir ki, həmin ərazidə mövcud olan anklav kəndlərlə bağlı rəsmi mövqe var:

“Azərbaycan Prezidenti bəyan etdi ki, sərhədə bitişik ərazilər geri qaytarılmalıdır. Anklavlarla bağlı isə sərhədlərin dəqiqləşdirilməsi üçün yaradılmış komissiya məşğul olacaq. Eyni zamanda anklavlarla bağlı qarşılıqlı olaraq həll variant da tapıla bilər”.

Rasim Musabəyov hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müxtəlif səviyyələrdə aparılan danışıqlara da toxunub:

“Parlament sədrləri səviyyəsində görüş oldu. “Xalq diplomatiyası” məsələsi də gündəmdədir. Vətəndaş cəmiyyətləri arasında müzakirələrin aparılması mümkündür. Hazırda rəsmi danışıqlar intensiv şəkildə davam edir. Hər bir halda bu cür görüşlər sülh prosesi üçün yardımçı xarakterə malikdir. Əsas iş xarici işlər nazirləri arasında aparılan görüşlərdən asılıdır”.

17:00 - 26 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin