Tanınmış modelin sevgilisinin məhkəmə vaxtı AÇIQLANDI

 Tanınmış modelin sevgilisinin məhkəmə vaxtı AÇIQLANDI

PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazılıq iclası fevralın 28-nə təyin edilib. 

Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib. 

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Hüseynzadə Ziya Hikmət oğlunun qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Ziya Hüseynzadənin 2022-2023-cü illər ərzində digər şirkət rəhbərləri ilə qabaqcadan əlbir olub onlara məxsus sahibkarlıq obyektlərinin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə maliyyə, bank hesabatları, gəlir və xərclərə dair çıxarışlar, ödəniş tapşırıqları, müqavilələr və saxtalaşdırmış olduqları digər rəsmi təsdiqedici sənədləri həmin banka təqdim etmələrinə, nəticədə bu şirkətlər tərəfindən külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ziya Hüseynzadənin təkrarən, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsinə, habelə digər şəxsə münasibətdə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən qrantın ayrılmayacağını bilməsinə baxmayaraq guya bankın vəzifəli şəxsləri ilə qanunsuz sövdələşmə yolu ilə həmin məsələni həll etmək imkanı olmasını yalandan vəd edərək vətəndaşa məxsus külli miqdarda pul məbləğini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseynzadə Ziya Hikmət oğluna Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Ziya Hüseynzadə model Raziyyat (Razi) Əliyevayanın sevgilisi olub. O, Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunması ilə bağlı ayrı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 
İttihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.

Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.

Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.

Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.

Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.

Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.

Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.

 

18:00 - 15 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin