18 ildir yayımlanan "Arka Sokaklar" serialı Kahramanmaraşda ard-arda baş verən zəlzələlərin birinci ildönümü üçün xüsusi bölüm çəkib.
Asayis.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın 663-cü bölümünün çəkilişlərinin bəzi səhnələri 6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş mərkəzli zəlzələlərin birinci ildönümü səbəbiylə minlərlə insanın həyatını itirdiyi və dağıntılara çevrildiyi Antakyada baş tutub.
Çəkilişlər üçün Hatayda olan serialın aktyorları Zafer Ergin, Ozan Çobanoğlu, Özlem Çınar və Sinem Reyhan Kıroğlu Antakya və Defne bölgələrinə səfər edərək zəlzələdən zərərçəkənlərlə görüşüblər.
Hatayda dağıntılar arasında həyata keçirilən çəkilişlər zamanı serial komandası emosional anlar yaşayıb.
3 gün davam edən çəkilişlər zamanı hisslərini bölüşən, "Rıza baba" obrazını canlandıran aktyor Zafer Ergin, "Hazırda burada eyni günü yaşayırıq. Üstündə gəzdiyimiz bu yerlərin altında birinin olub-olmaması düşüncəsi bizi 15-20 gün yatmağa imkan verməyəcək. Deməyə söz tapa bilmirəm", - deyə bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələnin birinci ildönümüdür.