Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş “Qəbirdə yatsam belə, həmişə həyatdayam” adlı tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə Xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq Zəlimxan Yaqubun həyat və yaradıcılığından söz açıb, Azərbaycan dövlətinin Xalq şairinə daim diqqət və qayğı göstərdiyini, onun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, şairin yaradıcılığı Gürcüstan dövləti tərəfindən də yüksək qiymətləndirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov isə çıxışında Zəlimxan Yaqubun yaradıcılığından, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolundan danışıb.
Gürcüstan Parlamentinin keçmiş deputatı, ictimai xadim Ramiz Bəkirov, politoloq Levan Mamaladze, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Fatma Əliyeva, sabiq deputat, ictimai xadim Hidayət Hüseynov, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə çıxış edərək Z.Yaqubun həyat və yaradıcılığından söz açıb, Vətənə, xalqa, millətə həsr olunmuş şeirlərini təhlil ediblər. Bildirilib ki, Xalq şairinin anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına mədəniyyət evi və muzey yaradılacaq. Artıq bununla bağlı sənədləşmə işləri başa çatdırılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.
Aşıqlar Həvəskar Qurbanov, Nargilə Mehdiyeva, Şahbaz Göyçəoğlu və başqaları şairin şeirlərinə bəstələmiş mahnılar ifa ediblər. Məktəblilər şairin şeirlərindən parçalar söyləyiblər.
Tədbirdə Z.Yaqubun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Sonda Xalq şairinin qardaşı Çingizxan Yaqubov çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə “Azərbaycan Evi”nə, eləcə də şairin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Gürcüstandakı səfirliyə minnətdarlığını bildirib.