"Azərbaycana mina xəritələrinin verilməsi böyük qayıdışı daha da sürətləndirə bilər" - RƏY

"Ermənistanın Azərbaycana mina xəritələrini təqdim etməsi soydaşlarımızın böyük qayıdışı daha da sürətləndirə bilər".

Asayis.az bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Vahid Milli Hərəkat Partyasının siyasi şurasının üzvü, siyasi şərhçi Rəfi Orucov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "Ermənistan tezliklə Azərbaycana minalarla bağlı yeni məlumatlar təqdim edə bilər" sözlərini şərh edərkən deyib.

R.Orucov qeyd edib ki, məcburi köçkün həyatı yaşamış sakinlərin öz yurdlarına köçürülməsinə heç nə maneə ola bilməz: "Böyük ərazilər minalardan təmizlənib yenidən qurulur. Mina xəritələrinin verilməsi böyük qayıdışı daha da sürətləndirə, iki ölkə arasında diplomatik münasibətlərdəki gərginliyi aradan qaldıra bilər".

Siyasi şərhçinin fikrincə, xəritələrin verilməsi prosesi olduqca sürətlə getməlidir:

"Ərazilər işğaldan azad edildikdən sonra minalar yüzlərlə azərbaycanlının həyatına son qoyub. Azərbaycan dəfələrlə Ermənistandan mina xəritələrini tələb edib. Onlar isə hər dəfə məsələdən yayınıblar. Bu, beynəlxalq normalara zidd hərəkətdir. Düşünürəm ki, tez bir zamanda Ermənistan höküməti bu məsələni həll etməlidir. Çünki bu cür addımlar sülhə ciddi maneədir".

R.Orucov bildirib ki, Ermənistanın sülh müqaviləsini imzalamas regionun, ilk növbədə isə bu dövlətin özünün inkişafı üçün olduqca vacibdir:

"Gürcüstan da bu işdə maraqlıdır. İstər iqtisadi əlaqələr, istərsə də sülh müqaviləsinin imzalanması istiqmətində maksimum çalışır".

10:15 - 24 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin