"2020-ci il 10 noyabr bəyanatının imzalanmasından bugünədək Zəngəzur dəhlizinin açılmaması Ermənistan tərəfinin məsuliyyətsizliyidir. Digər tərəfdən də bu məsələdə Ermənistana təzyiq edən, prosesi hər vəchlə uzatmağa çalışan beynəlxalq güclərin də üzərinə öhdəlik düşür. Məsələ dəhlizin açılması deyil, ora kimin nəzarət edəcəyidir".
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Tural Əliyev deyib.
O bildirib ki, bu gün dünyada gedən müharibələrin coğrafiyasına baxanda böyük nəqliyyat qovşaqları, dəniz və ticarət yollarının üzərində getdiyini görürük.
"Həmin strateji yolları ələ keçirmək üçün problem yaşandığına görə avtomatik olaraq Zəngəzur dəhlizinin də önəmi artır. Dəhlizin hələ də açılmaması iqtisadi itkiləri çoxaldır. Ermənistan dəhlizin açılması ilə öz iqtisadi maraqlarını təmin edə bilər, amma təəssüf ki, hakimiyyətin iradəsi zəifdir. Ermənistan istəyir ki, Azərbaycanın İranla bağladığı müqavilənin şərtləri Zəngəzur üçün də keçərli olsun. Amma bir şeyi unudur ki, üçtərəfli bəyanatı imzalayıb. İndi isə bəyanatdan imtina etmək istəyir, amma cəsarəti çatmır.
Problem Rusiya ilə Ermənistan arasındadır. Azərbaycan dəhlizin açılması ilə bağlı öhdəliklərini yerinə yetirir. Ermənistan həqiqətən ərazisində böyük nəqliyyat qovşağı yaratmaq istəyirsə, aktiv siyasətə keçməlidir. Yox əgər təzyiq altındadırsa, bunu digər tərəfdaşlarla müzakirə etməlidir. Ermənistan ya regionda gedən prosesləri düzgün qiymətləndirmir, ya da bilərəkdən hansısa qüvvələrə arxalanaraq prosesi uzadır. İstənilən halda dəhliz açılacaq. Əks halda Ermənistan həm daxildən, həm də xaricdən basqılarla qarşılaşa bilər".
Demokrat.az