Mərakeşin Kenitra şəhərində yerləşən İbn Tofail Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş təqdimat keçirilib.
Asayis.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan səfiri Nazim Səmədov 20 Yanvar faciəsi haqqında universitet rəhbərliyi və tələbə-müəllim heyətinə ətraflı məlumat verib.
Səfir bildirib ki, SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycana hərbi təcavüzü nəticəsində 150 dinc sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olub. Ölkəmizin müxtəlif şəhərlərində 700-dən çox insan ağır bədən xəsarətləri alıb.
20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyi və bu günün tariximizə Qara Yanvar kimi daxil olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bundan əlavə, 20 Yanvar faciəsinin Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi və müstəqilliyin bərpası prosesində dönüş nöqtəsi olduğu vurğulanıb.
N.Səmədov qeyd edib ki, bu faciəli gündən 34 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələri beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməyən ən ağır cinayətlərdən biridir.
Səfir, həmçinin Azərbaycanın xarici və daxili siyasəti, Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, münaqişədən sonrakı vəziyyət və Azərbaycan-Mərakeş münasibətləri ilə bağlı auditoriyanın suallarını cavablandırıb. Təqdimatda 200-ə yaxın tələbə və müəllim iştirak edib.
Qeyd edək ki, 1989-cu ildə qurulan İbn Tofail Universiteti 120 mindən çox tələbə tədris alır. Təxminən 800 müəllim və professor fəaliyyət göstərir. Mərakeşin ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur.