Gəncə şəhərində Pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.
"Report"un Qərb bürosunun məlumatına görə, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.
Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.
Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.
Onu da bildirək ki, Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.