Türkiyə ilə türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər.
Asayis.Az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Tvnet” kanalına müsahibəsində deyib.
Nazir qarşıdakı 5 ildə Zəngəzur dəhlizi ilə bağlı işlərin davam edəcəyini vurğulayıb. O, son vaxtlar bu məsələ ilə bağlı Ermənistandan müsbət mesajlar verildiyini bildirib.
"Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”, - Uraloğlu qeyd edib.
Onun sözlərinə görə, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir. Nazir İranla Türkiyə arasında bu mövzuda müzakirələr aparıldığını bildirib.
"Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”, - Uraloğlu sözlərini belə tamamlayıb.