Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Asayis.az APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Sani Axundov küçəsində baş verib.
Səid Süleymanov VAZ-2107 markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil Mərkəzi Seçki Komissiyasının divarına çırpılıb. Qəza zamanı avtomobil deformasiyaya uğrayıb.
Nəqliyyat vasitəsində sıxışıb qalan yaralı sürücü və digər sərnişinlər - Təranə Məmmədova, Anjelina Verdiyeva və Tamerlan Orucov çıxarılaraq xəstəxanaya çatdırılıblar. Yaralılar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.