"Xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı anklavlar məsələsinə toxunub. O bildirib ki, bu, delimitasiya ilə bağlıdır, delimitasiya isə texniki məsələdir: “Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur. Ciddi ərazi münaqişəsi olmayan ölkələr arasında belə delimitasiya prosesi uzun müddət çəkə bilər. Əgər biz sülh müqaviləsinin tez zamanda imzalanmağını istəyiriksə, bu iki prosesi ayırmalıyıq”.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, Ermənistan uzun müddət delimitasiya və demarkasiya prosesinin sülh müqaviləsinin imzalanmasından əvvəl həll edilməsini tələb edirdi: “Amma Azərbaycanın qətiyyətli və arqumentlərə söykənən mövqeyi Ermənistanı tələbindən daşınmağa məcbur etdi. Sərhədlərin müəyyənləşdirilməsi uzun çəkən prosesdir. Gürcüstan və Rusiya ilə sərhədlərimizin demarkasiyası on illər sonra nəticələndi, baxmayaraq ki, bu dövlətlərlə hər hansı ərazi problemimiz yox idi. Ermənistanla isə var. Çünki Sovet dövründə qanunsuz şəkildə xeyli ərazimiz Ermənistana verilib, o cümlədən, bəzi yerlərdə məqsədli şəkildə sərhədlər şərti çəkilib. Bu məsələ xəritələrə əsaslanaraq həll edilməlidir”.
Deputat vurğulayıb ki, bu gün əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır:
“Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq irəli sürdüyü prinsiplər Ermənistan tərəfindən qəbul edilməlidir. Bu da Azərbaycandan çox Ermənistana lazımdır. Onun açıq dənizə çıxışı yoxdur, bu gün özü özünü blokadaya salıb. Sülh müqaviləsinin imzalanması Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına, Ermənistana investisiyaların yatırılmasına və normal qonşuluq münasibətlərinin yaranmasına səbəb olar.
Hər iki tərəfin son bəyanatlarında bildirilir ki, prinsip etibarilə əsas məsələlər həll edilib. Ermənistan sülhün daha çox ona lazım olduğunu dərk etsə, müqaviləyə tez bir zamanda imza atıla bilər. Azərbaycan öz öhdəliklərindən yaranan hər şeyi yerinə yetirib”.