Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarından xaric edilmiş, məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular arbitr ola bilməyəcək.
APA-nın xəbərinə görə, bu, dekabrın 26-da Milli Məclisdə müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir.
İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.
Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.
Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.