Paytaxt əhalisinin ictimai nəqliyyatdan istifadəsini təşviq etmək etmək üçün müsbət addımlar atılır. Ekologiyanın qorunması, ətraf-mühitə daha az zərər vermək də başlıca hədəflərdəndir. Bakı-Sumqayıt istiqamətində avtobus zolağının salınması, şəhərin mərkəzində “İstiqlaliyyət” küçəsində yeni velosiped zolağının istifadəyə verilməsi təqdirəlayiq haldır. Lakin müəyyən nəqliyyat vasitələri üçün ayrıca zolaqların salınmasının tıxacı daha da artıracağını düşünənlər də var.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında deyib ki, bir zolaqda daha çox avtomobilin hərəkəti deyil, daha çox sərnişinin daşınması başlıca hədəf olmalıdır:
“Belə olduqda fərqli mənzərə ortaya çıxır. Bir saatda eyni zolaqda neçə sərnişinin mobilliyi təmin olunur? – bir deyil, bir neçə avtobus eyni istiqamətdə sərnişin daşınmasını həyata keçirirsə, rəqəmlər artan tendensiya üzrə davam edir. Avtomobilistlər özləri bunda maraqlı olmalıdırlar. Onlar bu hərəkətliliyi görəndə şəxsi nəqliyyatdan imtina edib ictimai nəqliyyata keçid edəcəklər”.
Ekspertin sözlərinə görə, ən tez başa gələn həllər avtobus zolaqları, velozolaqların çəkilməsidir, bunlar qısa məsafədə mobilliyi təmin edən elementlərdir:
“Bakı üzrə ümumi statistikada göstərilir ki, səfərlərin 48 faizi taksi ilə təşkil olunur. Avtomobili olan şəxs gündə iki dəfə səfər edir – səhər evdən işə, axşam işdən evə. Amma taksi gün ərzində 25 səfər edir, bunun da 40 faizinin 1-3 km aralığında olduğunu nəzərə alsaq, şəhərin qısa məsafədə yüklənməsinin səbəblərini görə bilərik.
Mövcud sahənin optimal istifadəsinə nail olsaq, buna alternativ təşkil edə bilərik. Yəni, bir zolaq ancaq avtobusların hərəkəti üçün ayrılır, digər bir zolaq mikromobillik (velosiped, skuter) vasitələri üçün. Beləliklə, sakinlərin skuter istifadəçilərindən narazılığına da son qoyulmuş olur. Son vaxtlar çatdırılma xidmətlərinin də əhatəsi genişlənib, “Wolt”, “Bolt” şirkətlərində çalışan kuryerlərin sayı artıb. Onlar üçün də şərait yaranmış olur.
Daha qısa məsafədə sifarişlərin çatdırılmasında operativlik əldə olunanda avtomobil səfərlərinin də sayı azalmış olacaq, nahar vaxtı insanlar restoranlara getmək əvəzinə, sifariş onlara doğru daha tez çatmış olacaq. Hətta mən məmurlarımıza, nazirlərimizə, deputatlarımıza da bu trendə qoşulmaları üçün çağırış edərdim. Məsələn, həftədə bir gün işə velosipedlə gedək, gözəl təşəbbüs olar. Dünyaya da Azərbaycanın ekologiyanı qoruyan istənilən təşəbbüsü dəstəklədiyini göstərən mesaj olar.
2024-cü ildə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Dünya ölkələrinin ilqim dəyişikliyi ilə mübarizə apardığı bir vaxtda Azərbaycanın COP29-a ev sahibliyi etməsinə cəmiyyət olaraq ekologiyanın qorunmasına yönəlik həlləri dəstəkləməklə həm də bu formada töhfə vermiş olarıq”.
R.Ağamirzəyev onu da əlavə edib ki, çəkilən zolaqlarda təkmilləşdirmə işləri aparılmalıdır:
“Avtobus zolağına avtomobillər daxil olur, buna qarşı sərt nəzarət mexanizmi işə salınmalıdır. Avtobus tıxacda dayanmamalıdır. Avtomobil daha sürətli, mikromobillik vasitələri isə təxminən 20-25 km/saat sürətlə hərəkət edir. Xüsusi bariyerlər və sərt cəza tədbirləri ilə baş verə biləcək qəzalara qarşı qabaqlayıcı tədbirlər görülməlidir.
Cərimələrin həftəlik, aylıq, illik statistikası aparılmalıdır. Funksionallığı və davamlılığı təmin edə bilsək, kiçik həllərlə irəliyə doğru addım atmış olarıq. Beləliklə, tam fərqli şəhərə sahib olarıq. Heç bir yenilik edilməsə sadəcə tıxacların saatı artmış olacaq”.
Demokrat.Az