Azərbaycan məktəblərində gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular tədris olunacaq.
Asayis.Az xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin - Mülki Prosessual, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllərinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib.
Müzakirəyə təqdim olunan qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.
O, diqqətə çatdırıb ki, sənəddə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutub.
Qanun layihəsi ilə bağlı çıxış edən komitənin sədr müavini Musa Qasımlı və komitə üzvləri Kamilə Əliyeva, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Anar İsgəndərov dəyişikliklərin əhəmiyyətini və aktuallığını qeyd ediblər. Deputatlar təhsil sahəsi ilə bağlı bəzi qeydlərini də səsləndiriblər.
Onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.