Prezident İlham Əliyev Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Asayis.Az-ın məlumatına görə, sərəncamda deyilir:
"1. İyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".