Xalq rəssamımız İtaliyanın ali mükafatına layiq görüldü

 Xalq rəssamımız İtaliyanın ali mükafatına layiq görüldü

Azərbaycanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtaliyanın məşhur “Della Stella D’İtalia” Ordeni və diplomu ilə təltif olunub. Asayis.Az xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyində ordenin sənətkara təqdimatı mərasimi keçirilib. "Natiq Əliyev öz əsərləri ilə dünya heykəltaraşlıq sənətinə töhvələr verib. O yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün dəyərlidir”, - İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri bildirib. İtaliya incəsənət nümunələrindən ilhamlandığını bildirən N.Əliyev hazırda da italyan heykəltaraşları ilə birgə layihələr üzərində çalışdığını deyib. "Hazırda İtaliyadan olan həmkarımla Verona şəhərinin mərkəzi meydanlarından birində qoyulacaq abidə kompleksi üzərində çalışırıq. Komleksə Şekspir və Nizaminin heykəlləri daxil olacaq. Hər iki sənətkarın yaradıcılığının mərkəzində olan sevgi abidənin əsas ideya mərkəzini təşkil edəcək. Şekspirin heykəlini İtaliya heykəltaraşı, Nizaminin abidəsini isə mən hazırlayacam”, - N.Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, artıq heykəlin eskizi hazırdır. Onun Veronada qoyulacağı yerlə bağlı şəhər merinin qərarı da var.

Bundan başqa heykəltaraş Aşıq Ələsgər və Çingiz Aytmatovun da heykəlləri üzərində çalışır.

"Aşıq Ələsgərin heykəli artıq hazırdır. A.Bakıxanov və Rəşid Behbudov prospektlərinin kəsişməsində qoyulacaq. Çingiz Aytmatovun heykəli üçün isə Azadlıq prospektinin Mərkəzi Seçki Komissiyasına yaxın hissəsində yer ayrılıb”, - heykəltaraş bildirib.

Hər iki heykəl bürüncdən düzəldilib.

1947-ci ilin yanvarında təsis edilən İtaliya Həmrəylik Ulduzu Ordeni (“Ordine della Stella della Solidarietà Italiana”) İtaliya Respublikasının ali dövlət mükafatıdır.

Orden xaricdə yaşayan İtaliya vətəndaşlarına və əcnəbilərə İtaliya ilə digər ölkələr arasında dostluq münasibətlərinin və əlaqələrin inkişafında xüsusi xidmətlərinə, habelə İtaliya ilə əlaqələrin inkişafına görə təltif edilib.

Mükafat Sərəncam Şurası ilə danışıqlardan sonra xarici işlər nazirinin təklifi əsasında İtaliya prezidenti tərəfindən verilir. Sərəncam Şurası xarici işlər nazirinin sədrliyi ilə 4 nəfərdən ibarət olur.

10:30 - 15 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin