"Zəlzələ olmuşdu, mən Yazıçılar Birliyinə üzv seçiləndə vəlvələ oldu. İndi isə şou-biznesdə, sənətdə sünamidir. Müğənnilər hərfləri düzgün, yerində tələffüz edə bilmir. Əsas da “Ç” və “K” hərfləri çatışmır. Bu sənətdə lazımlı amildir. Oxumaqları da yoxdur, üstəlik də gələcək nəsli pozurlar. Çünki mahnı, musiqi böyük qüvvədir. Sənəti uçurumdan qorumalıyıq”.
“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. O daha sonra efirlərdəki verilişlərdən danışıb.
“Bəzi bir çox verilişlər var ki, qızların üzünü çoxdan açıb. Hamının evində övlad böyüyür. Ciddi senzura olmalıdır. Necə ki, dövlət kanallarına sosial media fenomenləri buraxılmır, eləcə də bütün özəl kanallara da dəvət etməsinlər. Telekanal rəhbəri olsaydım o fenomenləri “abrabotka” edib, sonra efirə icazə verərdim” deyə müğənni bildirib.
Müğənni sənətə gəldiyi ilk illəri də xatırlayıb.
“Sənət insanları fədaidirlər. Biri var fədailər, biri də var sənətdən pul qazananlar. Bu gün də kimsə qeyri-adi şəkil paylaşanda şərhlərdə yazırlar ki, “deyəsən Elza Seyidcahan olmaq istəyirsən”. Dünən Elza Seyidcahanı bəyənmirdiniz, bu gün onu təkrarlayırsız! Camaatın gördüyü 1986-cı ildən Elza idi, 1996-cı ildən Elza Seyidcahan kimi efirlərə çıxdım. Heç bəlkə də o vaxt Ledi Qaqa yox idi. Məni qınayırdılar. Bəlkə də o bu obrazları məndən götürmüşdü. Mən keçmişimdən utanmıram. Elza Seyidcahanın həyatı çoxmərtəbəli binanın, çoxuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir. Min bir dəfə məndən yazıblar, bu gün də yazırlar” deyə sənətçi bildirib.
Müğənni bildirib ki, sənətçilər, ələlxüsus da bəstəkarlar üçün yaradıcılıq evləri olmalıdır.
“Sənətkar əsər yazmaq üçün qayğılardan uzaq olmalıdır. Öz dünyasında olmalıdır ki, bəstəkarın bəstəsi, rəssamı rəsmi alınsın. Zuğulbada yaradıcılıq evləri var, amma orada daha çox məmurlar istirahət edir, yaradıcı insanlar yox. İlhamə Quliyeva ömrünün sonuna qədər həmin yaradıcılıq evində qalırdı. Bəlkə bu günkü gündə də var, amma bizi axtarmırlar” deyə sənətçi bildirib.