"Çəkiliş meydançasına uşaq evindən gəlmişəm"

Aktyor Corc Qafarov Rusiya və Türkiyədə lentə alınan "Блеск" serialı ilə bağlı rus mediasına müsahibə verib.

Axşam.az xəbər verir ki, ekran işində Serkan obrazını canlandıran Corc həyatından bəhs edib. O bildirib ki, anası azərbaycanlı, atası isə latviyalıdır:

"Anam mənim doğulduğum Latviyaya atamın yanına getdi, lakin ailə həyatı alınmadı və biz geri qayıtdıq. Anam tərəfdə olan babam onun Latviyaya köçməsinə qarşı idi və onu geri qəbul etmədi, buna görə də küçədə qaldıq. Pul az idi, anam məni uşaq evinə vermək qərarına gəldi. Orada rəqs etməyə başladım, festivallarda çıxış edirdik və müsabiqələrə qatılırdım. Bunlardan birində rejissor Yavər Rzayev məni gördü və "İlahi varlıq" filminin kastinqinə dəvət etdi. Üç min uşaq arasından seçildim. 12 yaşımda rolun öhdəsindən gəldim, film mənə şans gətirdi. Əvvəlcə teatrda oynamaq istəmirdim, filmlərdə və seriallarda çəkilməyi planlaşdırırdım, amma sonda səhnəni sevdim. İndi Azərbaycan Milli Akademik Teatrında çalışıram. Uşaq evindən səhnəyə gəlmişəm".

Corc bildirib ki, Rusiyada film və ya seriallara çəkilməyi davam etdirəcək:

"Sakit otursam, rollar məni tapmayacaq. Hələ rus dilində kifayət qədər yaxşı danışa bilmirəm. Serkan roluna çəkiləndə narahat idim: “Corc, rus dilində necə oynayacaqsan? Rola necə öyrəşəcəksən?" sualları eşidirdim. Amma anladım ki, şansı əldən verə bilmərəm, xüsusən də rejissor və aktyor heyəti mənə inandıqları üçün. Aydındır ki, Kristofer Nolan Hollivudda oturub, nəhayət ki, onun filmində çəkilməyə razı olmağımı gözləmir. İnanılmaz dərəcədə istedadlı aktyor olduğumu deyə bilmərəm. Bunu tamaşaçılar mühakimə etməlidir".

10:15 - 12 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin