Bu günlərdə Sumqayıt şəhərində bəyəndiyi qızı axtaran gənc barəsində polisə şikayət daxil olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən qadın tanımadığı şəxsin onun qapısına nömrə yapışdırdığını və ardıcıl zənglər etdiyini bildirib.
Polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Qulu Əliyev (şərti) saxlanılıb. O, izahatında bir müddətdir Sumqayıtda sevdiyi qızı axtardığını deyib: “Bir neçə gün əvvəl Sumqayıtda marşrut avtobusunda bir qız gördüm, ondan çox xoşum gəldi. Həmin qızın ardınca getdim, qızın küçədə bir qadınla görüşdüyünü gördüm. Sonradan qızı gözdən qaçırdım. Həmin ərazidə qızı soraqlamağa başladım və bir nəfər həmin qızın yanında olan qadının əlamətlərinə uyğun gələn şəxsin yaşadığı qapını mənə göstərdi. Həmin qapıya öz mobil nömrəmi yazdım.
Sonradan adının S.Q. olduğunu bildiyim şəxs mənə zəng vurduqda həmin qızı axtardığımı və belə bir əlamətlərə malik qızla tanışlığının olub-olmadığını soruşdum. S.Q. isə mənə həmin qadın olmadığını və belə bir qızı tanımadığını bildirdi. Bundan sonra təxminən yeddi dəfə həmin qadına zəng vuraraq israr etdim ki, mənimlə görüşsün və küçədə qızın yanında gördüyüm həmin qadın olub-olmadığını müəyyən edim. Lakin o, görüşməkdən imtina etdi. Sonradan bildim ki, məndən polisə şikayət edib. Halbuki ona qarşı heç bir nalayiq ifadə işlətməmişəm”.
Şikayətçi qadın isə qapıya yazılmış nömrənin internet ustasına məxsus olduğunu düşünərək ona zəng etdiyini və Q.Əliyevin axtardığı qızı tanımadığını bildirib. S.Q. 30 yaşlı şəxsin ona ardıcıl zənglər edərək narahat etməsi səbəbindən şikayətçi olduğunu deyib.
Polis bölməsində Qulu Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola baxan Sumqayıt Şəhər Məhkəməsi onu 50 manat cərimə edərək sərbəst buraxıb.