“Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?” - Professor

 “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?” - Professor

"Azərbaycan mənim vətənimdir. Azərbaycanın mənim bacarığıma, edə biləcəklərimə ehtiyacı varsa, söyləyərlərsə, gələrəm. Amma təbii ki, mühit düzgün olsun. Mən sıradan bir insan deyiləm. Mənim bilgim burada tamamilə başqa bir dünya yaradıb”.

Asayis.Az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. 

O, bildirib ki, teatrın təməlində ideologiya dayanır və cəmiyyətin mənəvi, əxlaqi dəyişimində çox önəmli rol oynayır. Hətta kinodan daha təsirlidir, çünki canlı ünsiyyət yaradaraq fikir oluşdurub onu canlı şəkildə təlqin edə bilən yeganə sənətdir. 

“Bu gün Azərbaycandakı teatrın, özəlliklə aktyor hazırlığının lazımi professionallığa sahib olmadığını düşünürəm. Yəni yoldan bir az sapmışıq. Çünki bizim keçmişimiz var, bizim Adil İsgəndərovumuz, Tofiq Kazımovumuz, Mehdi Məmmədovumuz var. Bizim örnək götürəcəyimiz mütəfəkkirlərimiz var. Azərbaycan teatrının sovet teatrının bir parçası olaraq Stanislavski sistemində, bu teatr sisteminin içərisində elmi yaradıcılıq olaraq əldə edilən bir çox mərhələləri aşmışıq. Halbuki Azərbaycan teatr sənəti başqa cür, keçdiyi sənət yoluna layiq səviyyədə olmalı idi. Hər şeyin səbəbi təhsildən qaynaqlanır. Teatr təhsilimizdə yanlışlar və boşluqlar var. Onlar da öz nəticələrini verir. Təhsil sabahı müəyyənləşdirir. Yanlışları düzəltməsək, sabah nə olacaq?

Mən biliyimi vermək istəyirəm. Biri var, mən yalvarıb iş istəyirəm, biri də var biliyimi, bacarığımı vətənimə vermək üçün bu işdən anlayan biri ilə görüşüb, bunu, bunu etmək lazımdır demək istəyirəm.

Əvvəlki nazir Anar Kərimovla görüşmüşdüm, 3 saat söhbət etdik. Anladım ki, o, məni başa düşmədi. Mən bir professional kimi sözümü dinləyə biləcək ortam istəyirəm. Mən ora sadəcə maaş almaq üçün gəlmirəm ki... Mənim Türkiyədə evim də var, özümə görə hörmətim də var. Haqqımda film çəkilib, kiçik də olsa, bir kitab yazılıb. O kitabı da, filmi də heç gözləmirdim. Onlar özləri bu qərarı verib, çəkiblər.

Mən o zaman Anar Kərimova söylədim ki, Azərbaycan teatrını hərəkətə keçirmək istəyirsinizsə, tam zamanıdır. Teatr ədəbiyyatdan, dramaturgiyadan başlayır. Vətənpərvərlik mövzusunda bir dramaturq yarışması təşkil edin, maksimum 20 min manat xərciniz çıxacaq. Məsələn, 1-ci yer 10 min, 2-ci yer 6 min, 3-cü yer 4 min manat. Adları elan olunmayan bir münsiflər komissiyası yaradarsınız, o komissiyaya da əsərlər kodla gedər. Məsələn, mən Türkiyədə oturmuşam, başqası Moskvada, bir başqası Avropada, biri Bakıda… O əsərlərin üçü yer qazanacaq, Bakı teatrlarına göndəriləcək, yerdə qalanları isə Azərbaycan teatrlarının hərəkətlənməsi üçün səbəb olacaq. Bəlkə münsiflər onları kəşf etməyib, amma gənc rejissorlar var, onlar qazanan əsəri olmasa da, hər hansı bir əsərdən ilham alıb hazırladıqca Azərbaycan teatrı canlanar. Çünki teatrı canlandıran ədəbiyyatdır, çağdaş fikirlərə sahib dramaturgiyadır.

Lakin Anar Kərimov teatrı professional şəkildə bilmədiyi üçün məni başa düşmədi. Dedi, elə bu? Dedim, bunu başlayın, davamını deyərəm. Belə bir fikir var - yaxşı rəhbər istedadlı adamlara mane olmayan, onları dinləyən rəhbərdir. Yəni “rəhbərəm, hər şeyi bilirəm, mən deyən kimi olacaq”, belə olmaz”.

17:00 - 6 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin