Azərbaycanlı bloqerlər də çirkli pulların yuyulması ilə məşğuldurlar? - ŞÜBHƏLİ MƏQAMLAR

 Azərbaycanlı bloqerlər də çirkli pulların yuyulması ilə məşğuldurlar? - ŞÜBHƏLİ MƏQAMLAR

Bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.

Ölkəmizdə də bir çox bloqerlərin sosial şəbəkələrdən böyük pullar qazanıb, dəbdəbəli həyat yaşadığı məlumdur. Türkiyədə baş verənlər fonunda, azərbaycanlı bloqerlərin də çirkli pulların yuyulmasında iştirakı məsələsi aktuallaşıb.

“Bloqerlərin reklam gəlirləri həqiqəti əks etdirmir”

Məsələ ilə bağlı İKT mütəxəssisi Qəşəm Məmmədovun fikirlərini öyrəndik. O, Bizim.media-ya açıqlamasında bildirib ki, son illər bəzi insanlar qanunsuz yollarla pul qazanırlar:

“Yəni heç bir daimi iş yeri olmayan şəxslər böyük pulların dövriyyəsini həyata keçirirlər. Bu zaman çirkli pulların yuyulması da baş verir. Çünki ixtiyari hüquqi və fiziki şəxs gəlirlərini bəyan etməlidir. Üstəlik, istənilən iri həcmli nağdsız əməliyyatlar zamanı daxil olan pulun mənbəyi göstərilməlidir. Amma bəzi adamlar heç bir bəyannamə təqdim etmədən hesabına böyük pullar köçürür, bu pulların xaricdəki ofşor hesablarına köçürülməsinə vasitəçilik edirlər.

Türkiyədə, Rusiyada və başqa ölkələrdəki bəzi sosial media nümayəndələri də hesablarına daxil olan külli miqdarda pulu guya reklam yolu ilə qazandıqlarını deyirlər. Amma hər kəs bilir ki, reklamın da müəyyən qiyməti var. İstənilən bloqerin reklam qiyməti hansısa televiziya kanalının reklam tarifindən baha deyil. Bununla belə bəzi bloqerlər iddia edirlər ki, gündə, ayda on minlərlə dollar pul qazanırlar. Təbii ki, bu da reallığı əks etdirmir”.
“Bloqerlər işbazlarla əlaqəyə girərək...”

Qəşəm Məmmədov onu da əlavə edib ki, sosial media fenomenlərinin ən böyük fırıldağı böyükhəcmli məbləğləri xaricdəki ofşor hesablara ötürmələridir:

“Bu da o deməkdir ki, bəzi fenomenlər işbazlarla əlaqəyə girərək irihəcmli pulların xaricə çıxarılması prosesində iştirak edirlər. Məsələn, yeni qaydalara görə, Azərbaycanda bir nəfər bank hesabından xaricə 10 min dollar həcmində vəsait çıxara bilər. Məbləğ bundan çox olduqda isə qazancın mənbəyi göstərilməlidir.

Amma Türkiyədə bu sahədə limit yüksəkdir. Ona görə də sosial media fenomenləri qeyri-leqal gəlirlərdən əldə edilmiş pulların xarici ölkələrə çıxarılmasında iştirakçı olurlar. Yəqin ki, buna görə də müəyyən ödəniş alırlar. Xaricə çıxarılan pulların miqdarı isə böyük rəqəmlərlə ifadə olunur. Bu da təbii ki, cinayət sayılır”.

13:45 - 5 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin