“Gəncəni Paşinyan bombalatdırıb” deyən Arayikin əsl hədəfi kimdir?

 “Gəncəni Paşinyan bombalatdırıb” deyən Arayikin əsl hədəfi kimdir?

"Araik Arutyunyanın Gəncə, Bərdə və Mingəçevirin vurulmasında onun təqsirinin olmaması ilə bağlı verdiyi ifadə özünümüdafiə kimi hesab oluna bilər. Yəni bunun həqiqiliyinə şübhə etmək mümkündür və buna Araikin özünü qorumaq xətrinə dediyi bir ifadə kimi də yanaşıla bilər. Ona görə də onun dedikləri digər sübutlarla əsaslanmalıdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib. 

O, özünü buraxmış qondarma rejimin sabiq “prezidenti” Araik Arutyunyanın 44 günlük müharibə dövründə Azərbaycan şəhərlərinin bombalanması ilə bağlı verdiyi ifadəyə münasibət bildirib.

Xatırladaq ki, separatçı ifadəsində təlimatların birbaşa Baş nazir Nikol Paşinyan aldığını bildirib.

Ə. Mustafayev deyib ki, müharibə dövründə separatçılarda Xankəndidən, yaxud digər yerdən atmağa silahın olduğuna inanmır:

“Yəqin ki, Ermənistan ordusu bunu edib. Hər halda bununla bağlı istintaq hərəkətləri aparılmalı və müəyyən olunmalıdır ki, Araikin dediyi kimi, burada günahkar Paşinyandır. İnanmıram ki, generallar kənarda qala-qala Baş nazir göstəriş versin ki, Azərbaycana raket atın. Bu əmrlər rəsmi surətdə olur. Bəlkə də Araik burada Paşinyandan qisas almaq istəyir. Ona görə də onun dediklərinə şübhə ilə yanaşmaq lazımdır. Təkrar edirəm, Araik ondan acıq çıxa da bilər. Çünki bu gün əhalinin hamısı Ermənistanda Paşinyanı Qarabağın verilməsində günahlandırır. İndi isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir”. 

“Bu məsələ ilə bağlı aparılan istintaq elə həyata keçirilməlidir ki, o, sülh danışıqlarının gedişatına xələl yetirməsin. Çünki bir ifadəyə əsaslanaraq, danışıqlar apardığımız insana qarşı cinayət işi qaldırsaq, bu, prosesə çox ciddi mane ola bilər. Hansı ki, ruslar da bunu istəyir”, - deyə o, əlavə edib.

Vəkilə görə, hazırda Azərbaycan və Ermənistan liderləri çalışır ki, bu danışıqları Qərbin və Rusiyanın diktəsi altında aparmasınlar: 

“Çünki bu məsələdə hər 2 dövlətin marağı var. Belə ifadələrin də verilməsi, ola bilər ki, sülh danışıqlarının qarşısının alınmasına yönəlsin. İstənilən halda, bu ifadələr yoxlanılmalıdır. Qısacası, bu, ciddi məsələdir və digər sübutlarla faktlar araşdırılmalıdır, eyni zamanda tələskənliyə yol vermək olmaz. Həmçinin Araikin bu sözləri deməsində olan motivlər də araşdırılmalıdır”. 

11:30 - 2 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin