ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbinin Bakıya nə vaxt gələcəyi məlum olub.
Asayis.Az xəbər verir ki, bu barədə "Turan" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, o, bu həftənin sonunda Bakıya gələcək.
Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Senatı Mark Libbini Azərbaycanda səfir vəzifəsinə təsdiqləyib. ABŞ-ın Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda bitmişdi.
ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycanda səfir postuna namizədliyini ötən ilin mayında irəli sürmüşdü.
Libbu bu təyinatadək Vaşinqtondakı Milli Müharibə Kollecində çalışırdı.
O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. Həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.
Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib.
Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.
M.Libbi Massaçusetsdəki Tafts Universitetində və Parisdə Institut des Etudes Politiques-də bakalavr, Amerikada Milli Hərbi Kollecdə magistr təhsili alıb.
İngilis, polyak və fransız dillərini bilir.