Azərbaycan parlamentində ABŞ-a işləyən adamlar var - ŞOK İTTİHAM

 Azərbaycan parlamentində ABŞ-a işləyən adamlar var - ŞOK İTTİHAM

"Ölkədə ABŞ ilə bağlı kampaniyaya qoşulanların sayı çox azdır. Çünki mən o vaxtı ABŞ və USAID haqqında fikirlərimi söyləmişdim və elə adamlar mənə zəng edib dedilər ki, Amerika sənə nə edib? Amerika mənə nə edəcək ki? Mən dövlət deyiləm ki? Əgər ABŞ mənim dövlətimə yersiz hücum edirsə, həddən artıq qanunsuz addımlar atırsa, dövlətimin milli maraqlarına toxunursa, onu aşağılayırsa, mən də aşağılayım da, nə fərqi var ki?! Azərbaycan Konstitusiyasının I maddəsinə görə, Azərbaycan dövlətinin əsasını xalq təşkil edir və mən də xalqın bir fərdi olaraq fikrimi bildirirəm”. 

Bu sözləri Yenisabah.az-la söhbətində Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib. 


O, Azərbaycanın daxilində anti-Amerika kampaniyasına qoşulmayan amerikanpərəst siyasətçilərdən söz açıb.

Eks-deputat əlavə edib ki, ABŞ-ın ölkəmizə qarşı söylədiyi iradlar, fikirlər və tənqidlər yersizdir:

“Biri var, konstruktiv, biri də var destruktiv tənqid. ABŞ daha çox bizi aşağılayıcı şəkildə destruktiv şəkildə tənqid edir, hətta bəzən təhqirə də keçir. ABŞ-ı tənqid etməyən qorxaq adamların çoxunun ya özləri, ya da uşaqları Amerikada təhsil alıblar. Bu gün vəzifədə nə qədər ABŞ təhsilli uşaqlar var. Onlar bunu özləri üçün prioritet bilirlər, hətta vəzifədə olanların bəziləri az qala insanların gözlərinə soxurlar ki, biz amerikan təhsilliyik. Amerikan təhsillilər kosmopolit olurlar, onların milli və dövlət maraqları yoxdur, sadəcə şəxsi maraqları var, çünki ABŞ-da belə tərbiyə olunublar. Şəxsi maraqlar hər şeyi üstələyir”. 

Keçmiş millət vəkili iddia edib ki, Azərbaycan parlamentində də bunların adamı var, onlar ABŞ-a işləyirlrə. Eləcə də Azərbaycan müxalifətində USAID-in maliyyələşdirdiyi və amerikandan daha çox amerikan olmaq istəyən şəxslər mövcuddur: 

“Çox maraqlıdır ki, Azərbaycanda politoloqlar adlanan təbəqənin içərisində çox ciddi problem var. Müasir dövrdə, eləcə də yeni dünya nizamında politoloqlar çox maraqlı bir tendensiyanı qaldırıblar ki, hər adama siyasətçi demək olmaz. Bizdə bu gün Makyavelizm çox güclənib və buna əxlaqsızlıq siyasəti deyirlər. Bu adamlar müasir trendlərdə bunu qoyurlar ki, həkim 1 adamı öldürə bilər, hüquq 1 adamın taleyinin üstündən qələm çəkə bilər, amma siyasətçi, xüsusilə dövlət əhəmiyyətli məsələlərdə dövlətin taleyini həll edə bilər. Ona görə də onlar dirəniblər ki, siyasətçilərin siyasi bilik, savadı və baza təhsili olmalıdır. Lakin təəssüf ki, Azərbaycanda kimin ağlına nə gəlirsə, onu danışır və hamısı özünü politoloq hesab edir. Elə ki, ciddi siyasət ortaya gəlir və bu adamlar susurlar. Ona görə yox ki, ABŞ-dan qorxurlar, sadəcə olaraq siyasi bazaları olmadığı üçün bunlar ABŞ haqqında heç nə deyə bilmirlər. Təkcə problemi “beşinci kolon”la bağlamaq düz deyil, əksinə, politoloqlarımızın bəzilərinin savadsız olması ilə bağlıdır. Kim yerindən qalxırsa, deyir politoloqam. ABŞ da bundan çox gözəl yararlanıb”.

“Adamın ABŞ-a yazığı gəlir ki, Ermənistanın əli ilə aranı qatır. Paşinyan Rusiyanı ərazisindən çıxara bilər?! Bunlar boş söhbətdir. İkincisi, bizi ittiham edirlər ki, niyə Rusiyanı düşmən elan etmirik? Niyə edək? Biz bilirik ki, Rusiya heç bir vaxt bizi dəstəkləməyib, amma indiki şəraitdə onlarla əlaqələrimizi qoruyub saxlamalıyıq, çünki milli maraqlarımız var. 30 ildir ABŞ milli maraqlarımızı güdmürdü, indi nə oldu, ermənilər üçün hər şey edirlər?

Artıq ABŞ-ın dövranı getdi. Bu millətin içində nə qədər amerikanpərəst varsa, vəzifədən kənarlaşdırılmalıdır. Əgər ABŞ-ı sevirlərsə, gedib orada yaşasınlar. Özləri Azərbaycan dilini bilmir və fəxr edirlər ki, bunlar ingilisdillidirlər. Bir-iki ingiliscə söz işlətməklə özlərini bizdən seçirlər ki, biz fərqliyik. Onlar Azərbaycanı müdafiə etməyib və etməyəcək də. Hamısı şəxsi maraqlarına görə çıxış edən adamlardır. Azərbaycan bundan əziyyət çəkəcək, çox təəssüf ki, bu, acı həqiqətdir”, – o, fikirlərini yekunlaşdırıb.

17:30 - 25 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin