"Ənvər Həsənovun xatirələri” kitabının təqdimatı olub.
Təqdimat 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dünən xalq artistinin iştirakı ilə baş tutub.
Haqqında nəşr olunan kitabla bağlı sevilən aktyorun fikirlərini öyrəndik:
“Sağ olsunlar, qızım dünən məni təqdimata apardı. Birinci dəfə idi orada olurdum, nə böyük yer imiş... Kitaba maraq çox idi, məktəblilər, müəllimlər gəlmişdi.
Ümumilikdə kitabı bəyəndim, sağ olsun Vasif (Vasif Ayan – müəllif) çox əziyyət çəkdi, bir il gəldi-getdi, mənimlə məsləhətləşdi, zarafat deyil. Asan iş deyil kitab yazmaq. Gözəl insandır, uğurlar arzu edirəm.
Çoxlu şəkillər vermişdim kitabda yayımlanması üçün. Məndə elə şəkillər var ki, heç kimdə yoxdu, yayımlanmayıb. Heydər Əliyevlə - Allah ona rəhmət eləsin, Rişi Kapur, başqa məşhur insanlarla olan şəkillər. Amma bir az keyfiyyətsiz çıxıb, yəqin çapdan asılıdı...
Dünən dedilər ki, bu hələ birinci təqdimatdı. İkinci təqdimat Allah qoysa, şəhərdə olmalıdı. Rasim Balayev, Əbdül (Şeyx Əbdül Mahmudbəyov), Rafiq (Rafiq Əzimov) olacaq orada, yəni bizi yaşda insanlar”.
Qeyd edək ki, mədəniyyət yazarı Vasif Ayanın görkəmli aktyor və rejissor Ənvər Həsənov haqqında qələmə aldığı “Ənvər Həsənovun xatirələri” adlı kitabında Xalq artistinin “Azərbaycanfilm” kinostudiyasında 55 illik fəaliyyəti dövrü, eləcə də aktyorun sənət dostlarının onun haqqında xatirələri yer alıb.