Xalq artisti olan xanım məşhurlarımız niyə soyunur? - Tənqidçilər “OD PÜSKÜRDÜ”
Son vaxtlar qadın xalq artistlərinin əksəriyyəti ifa tərzi ilə deyil, açıq-saçıq geyimləri ilə gündəmə gəlirlər. Tamaşaçı onların ifasından çox yarıçılpaq tərzləri ilə seçilən geyimlərinə diqqət çəkirlər. Bu hal izləyicilər tərəfindən tənqidlə qarşılansa da, xalq artistləri sanki bir-birlərinin inadına vulqarcasına soyunmağa üstünlük verirlər.
Bu günlərdə Xalq artisti Tünzalə Ağayeva yenidən geyimi ilə diqqətləri üzərinə çəkib. Səhnəyə başıqapalı gələn, sonradan açıq-saçıq geyimlərə üstünlük verən Xalq artistinin son zamanlar gündəm olan geyimləri xoş qarşılanmır. Digər xalq artistlərimiz - Aygün Kazımova və Röya Ayxan da açıq-saçıqlıqda həmkarlarından geri qalmırlar. Geyimləri ilə gündəmi alt-üst edən xanım məşhurlarımız arasında bədənlərinin müxtəlif nahiyələrini açaraq zövq oxşayanlar, ikrah hissi oyadanlar da var.
“Azadlıq açıq-saçıqlıqla ölçülmür”
Tanınmış Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov Bizim.Media-ya açıqlamasında müğənnilərin səhnəyə açıq-saçıq və vulqar geyimlə çıxmalarını biabırçılıq kimi qələmə verib.
O, xanım məşhurların yarıçılpaq geyimini təbliğ edən, onlara efir imkanı yaradan televiziyaları da sərt şəkildə tənqid edib:
“Bu faciəni Azərbaycan xalqına yaşadan televiziyalardır. Şəxsi maraqları üçün pul qazanacaqlar deyə bu millətin əxlaqını, mənəviyyatını və ideologiyasını bu günə qoymaq olmaz. Hanı nəzarət? Soyunmaqda məqsəd nədir? Səs yox, avaz yox, ritm yox, söz mədəniyyəti yox, musiqi təhsili və mədəniyyəti yox... Azadlıq açıq-saçıqlıqla, əxlaqsızlıq, özbaşınalıq, mənəviyyatsızlıqla ölçülmür. Azadlıq mənəvi əxlaqdır.
Teleziyaları güllələmirəm və ya bağlamıram. Sadəcə soruşuram, əxlaqsızlıq, mənəviyyatsızlıq və şoulara niyə bu qədər şərait yaradırsınız? Sizin evdə ananız, bacınız, bibiniz, xalanız, millətin ağsaqqalı, ağbirçəyi, əxlaqlı qız-gəlini yoxdu məgər? Küçədə qalan insanların nəyini, kimi təbliğ edirsiz?
Heç olmaya düz əməlli görünüşləri olsa, adamı yandırmaz.
Karsetlə bədənlərini yığıb, botoksla üzlərini, dodaqlarını şişirib, dar eybəcər geyimlə özlərini reklam edirlər. Dəhşət burasındadır ki, səsi olmayanlar oxumaqla məşğuldur. Ağızlarına gələn söz və musiqi ilə özləri bəstələyib özləri də oxuyurlar. Adamın gərək ailədən, vicdandan, eldən, Allahdan, ilahiyyatdan gələn bir ədəbi-ərkanı, mənəviyyatı, əxlaqı da olsun...”
Şeyx Əbdül müğənninin, xüsusilə xalq artistinin geyimi ilə deyil, səsi ilə diqqət çəkməli olduğunu vurğulayıb:
“Ay xalq, ay millət utanmırsız, toylarınıza belə murdar-murdar insanları dəvət edirsiz? Ona görə də boşanmaların sayı rekord vurur. Bu gün Azərbaycanda ən inkişaf edən sahə manıslar-oxuyanlar sənayesidir. Ölkə zavod və fabrikdən çox manıs istehsal edir. Allah milyonda bir adamlara səs verərdi. Hamı deyərdi bu, Xan Şuşisinskinin, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun səsidir və onları elan etməyə ehtiyac yox idi.
İndikilərə isə əndamlarını və bədənlərini nümayiş etdirmək üçün televiziyalarda saatlarla vaxt ayırırlar. Buna aidiyyəti qurumlar nəzarət etməlidir. Mən sizin vasitənizlə Mədəniyyət Nazirliyinə, Milli Məclisin Mədəniyyət komitəsinə və digər qurumlara müraciət edirəm. Ciddi bir məsələyə diqqət çəkin!
Canavar tələyə gəlməyəndə, gülləyə gəlir. Bunlar artıq sözlə islah olunmurlar. Onlar haqqında qanun və cəza olmalıdır.
Mənəviyyat polisi və bu sahə üzrə qanun olmalıdır. Mahnılar senzuradan keçməlidir. Oxuyanların ritmləri yoxlanmalıdır. Bu gün abrımızı, ismətimizi, namusumuzu və əxlaqımızı küçədə qoymuşuq. Bunlara milyonlar xərcləyən insanları da başa düşmürəm. Onların evdə arvad, uşaqları yoxdur? Kimə və niyə verirsiz pulları?”, deyə xalq artisti əlavə edib.
“Müdaxilə etmək çətindir”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa da məsələyə münasibət bildirib. O, sözügedən məsələyə müdaxilə etməyin bir qədər çətin olduğunu deyib:
“Çünki müğənni buna öz seçimi olan bir məsələ kimi baxır. İnsanların da öz seçimi var. Kimin nə geyəcəyini müəyyən etmək hansısa komitənin və ya qurumun işi deyil. Hər halda müğənnilərin özləri bunun ətrafında çox düşünməlidirlər.
Onların müəyyən dərəcədə nüfuzuna aid olan məsələdir. Əlbəttə ki, cəmiyyətin müəyyən istəklərinə uyğun davransalar, onların özləri üçün daha faydalı olar.
Təəssüf ki, bu istiqamətdə xüsusi bir düzənləmə yoxdur. Amma müəyyən sosial layihələr həyata keçirən qurumlar mütləq bu amilləri nəzərdə tutmalıdırlar. Çünki bu, həm də səhnə mədəniyyətidir. Səhnədə göstərilən hansısa davranışlar cəmiyyəti mənfi və ya müsbət yöndə təsir altında saxlaya bilir. Hər halda məsələni diqqətdən qaçırmamaq lazımdır. Amma konkret göstəriş vermək və hansısa standart müəyyən etmək səlahiyyəti kimsədə yoxdur”.