İran Həması İsrailə satır - Molla rejiminin yeni satqınlığı ortaya çıxdı

 İran Həması İsrailə satır - Molla rejiminin yeni satqınlığı ortaya çıxdı

"Qəzza bizim “qırmızı xəttimizdir”, “İsrail Qəzzaya hücum edərsə, onu Yer üzündən siləcəyik” və sair, ilaxır…

Bu, İran və onun Hizbullah kimi proksi qüvvələrinin ritorikasıdır. İllərdir ancaq sözlə təhdid edən İran və proksiləri İsrailin Qəzzanı darmadağın etdiyi bu günlərdə nədənsə yoxa çıxıblar.


Qəzzada baş verənlər İranın bir daha ikiüzlülüyünü ortaya çıxardı. İsrail Həması məhv etmək hədəfini açıq şəkildə elan edib, hərçənd ki, Qəzzada məhv edilən, öldürülənlər qruplaşmanın üzvlərindən daha çox mülki insanlardır. Uşaqlar, qocalar, qadınlar bombalar altında inildəyir. Yaşayış yerləri raket zərbələri ilə dağıdılır. Qaçqınların sayı hər keçən gün artır. Həmas üzvləri isə “siçan deşiyində” – Qəzzanın altında qazdıqları tunellərdə gizlənib. 

İsrail dayanmayacağını rəsmi şəkildə bildirib. ABŞ, ümumilikdə Qərb ölkələrinin İsraili dəstəkləməsi Həmasın məhv edilməsi planını daha da gücləndirir. 

Bütün bunların fonunda bu gün Qəzzada müsəlmanlar zülm altındadır, məscidlər məhv edilir, Allahın evi terror yuvası olaraq hədəfə alınır.

Bəs, İran haradadır? 

Nə üçün fələstinliləri müdafiə etmir? 

Axı Qəzza İranın “qırmızı xətti” idi. 

İsraili məhv edəcəklərini elan etmişdilər. 

Bəs İran niyə susur?

Qəzzada baş verənlər İranın gerçək üzünü çılpaqlığı ilə ortaya çıxardı və bir daha məlum oldu ki, özünü “müsəlmanların hamisi” adlandıran bu ölkə İslamdan yalnız siyasi məqsədləri üçün istifadə edir, məsələ addım atmağa gələndə, qaçıb gizlənir.

İsrailin hücuma başladığı ilk günlərdə İran bəyan edirdi ki, Qəzzaya quru əməliyyatı olarsa, ikinci cəbhəni açacaqlar. İsrail ordusu quru əməliyyatına başladı, məscidlərə belə daxil oldu. İran rejimi isə qaçıb gizləndi. 

Bəs, hanı ikinci cəbhə?

Qorxaq İran mollaları İsraili lənətləməkdən başqa heç nə etmir. Düşünmək olar ki, İran ikinci cəbhə açacağı təqdirdə, ABŞ-nin  müdaxiləsindən çəkinir. Əslində, İran rəsmiləri buna işarə ediblər də. O zaman, İranın illərdir bəslədiyi Hizbullah və digər qüvvələri hanı? 

Hizbullah nə üçün heç bir addım atmır, ancaq kameralar qarşısında “böyük-böyük” bəyanatlar verir?

Ən gülünc məqam isə SEPAH-ın daxilində “Qüds” elit bölməsinin olmasıdır. İran rejimi bu bölməyə “Qüds” adını verəndə əsas hədəf kimi İsraili göstərmiş, fələstinlilərin müdafiəsi məqsədilə yaradıldığını bildirmişdi. İllərlə bu istiqamətdə təbliğat aparırdılar. Bu gün fələstinlilər zülmə məruz qalır, molla rejiminin “Qüds” qüvvələri isə ortada yoxdur.

İranın və onun Hizbullah kimi proksi qüvvələrinin bu mövqeyi iki məqamı isbat etdi:

Birincisi, İran rejimi İslamdan siyasi alət olaraq istifadə edir. İslam dini molla rejiminin əlində həm müsəlman dünyasında, həm də ölkə daxilində insanları təsir altında saxlamaq üçün istifadə etdiyi alətdir.

İkincisi, İran və onun proksi qüvvələri ABŞ və İsraillə gizli əməkdaşlıq içindədir.

Baş verənlər bu versiyanı istisna etmir. O da istisna deyil ki, Həmasın mövqeləri, silah-sursat marşruturları, hətta tunelləri İsrailə satan elə İranın özüdür. Çünki qruplaşma haqda bütün informasiyalar İranda var və proseslər göstərir ki, İsrail Həmasa qarşı dəqiq zərbələr endirir, silah-sursat marşrutu və maliyyə mənbələrini bağlayır. Bu qədər dəqiq informasiyanın olması diqqəti İranın satqınlığı üzərinə cəmləyir.

Qəzzada müsəlmanların üzləşdiyi zülm hər şeydən öncə İrandakı molla rejiminin də gerçək üzünü ifşa etdi.

 

15:00 - 9 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin