Naxçıvanda Mülki Müdafiə Alayının gənc əsgərləri and içiblər - FOTO

 Naxçıvanda Mülki Müdafiə Alayının gənc əsgərləri and içiblər - FOTO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib. Asayis.Az xəbər verir ki, hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini, polkovnik Ramin Məmmədov, Mülki Müdafiə Alayının zabiti Nazim Xudaverdiyev gənc əsgərləri hərbi andı qəbul etmələri, “8 Noyabr – Zəfər Günü” və “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir, əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan yaradır. Diqqətə çatdırılıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun  44 günlük Zəfər yürüşü hərb tarixində əsl qəhrəmanlıq dastanı olaraq gələcək nəsillərə miras oldu. 30 illik vətən həsrətinə son qoyularaq işğal atlında olan torpaqlarımız azad edildi və şanlı Azərbaycan Ordusu düşməni darmadağın edərək onları məğlubiyyətə düçar etdi. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən əsgərlərimizdə hərbi anda sadiq qalacaq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənəcəklər.
Mərasimdə çıxış edən gənc əsgər Elmir Kərimli bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən əmr və tapşırıqları sözsüz yerinə yetirəcəklər. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin təbriki şəxsi heyətə çatdırıldıqdan sonra andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.

19:20 - 8 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin