2023 – “Heydər Əliyev İli”... Bu dahi haqqında saya gəlməyəcək məqalələr yazılıb, kitablar nəşr edilib. Dünya miqyaslı siyasətçinin siyasi, ictimai fəaliyyəti göz önündədir. Bugünkü qüdrətli Azərbaycan onun şah əsəridir. Ulu Öndər bir çox fotolarında bizə gülümsəyir. Ciddi, qayğılı göründüyü fotoları da var. Şübhəsiz, hansısa mühüm məsələnin həllini düşünüb. Maraqlıdır, kim çəkirdi Ulu Öndərin şəkillərini? Onu kameranın obyektivinə "salmağı" kimə, kimlərə həvalə edirdi? Araşdırdım. Və tapdım. Həm də sevindim. Demə, Ulu Öndərin anlarını fotoların yaddaşına həkk edən şəxs İçərişəhərdəki evimizin qonşuluğunda yaşayırmış. Əlaqə yaratdım. 10 il Ulu Öndərin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov suallarımı təmkinlə cavabladı.
- Rafiq müəllim, nə vaxtsa dahi birinin şəxsi fotoqrafı olacağınız ağlınıza gəlirdimi və ya bunu arzu etmisinizmi?
- Yatsam, yuxuma da gəlməzdi ki, belə bir şəxsiyyətlə işləyə bilərəm. Tam təsadüf nəticəsində baş verən bir hadisə idi. Mən bunu yaşadım və onunla 10 il bir yerdə işlədim.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, o dövrdə foto ilə bağlı müasir texnikaları əldə etmək çətin idi. Sizdə olan texnika heç bir idarədə olmayıb. Maraqlıdır, necə əldə edirdiniz lazım olanları?
- Deyə bilərəm. Deməli, mənim atam jurnalist olub, “Elm və Həyat” jurnalı var idi, yadınıza gəlirsə - sonuncu iş yeri ora olub, baş redaktoru idi. İşi ilə əlaqədar evdə şəkillər çıxarırdı. Məndə də tədricən maraq oyanırdı bu sahəyə, işlərində ona kömək edirdim. Televiziyada kino sexi var idi. 132 nömrəli məktəbi bitirəndən sonra adi bir işçi kimi oraya qəbul olundum. Elə şərait yarandı ki, foto ilə məşğul olmağa imkanım olurdu. Orada işləyə-işləyə həm də fotoqrafiyaya vaxt ayıra bilirdim. Bir müddətdən sonra kino sexinin rəisi oldum. O vaxt avadanlıq az idi. Bilirsiniz, sovet texnikası dünyada tanınmırdı. Yapon, alman texnikasını əldə etmək üçün yollar axtarırdım. Qabaqcıl texnikaya sahib olsam da özümü professional fotoqraf hesab etmirdim.
- 1993-cü ilin iyul ayını xatırlatmaq istəyirəm. Heydər Əliyev onun şəkillərini çəkən digər fotoqrafların işini bəyənməyib. Bu vaxt sizə təklif gəlib. Təklifin kimdən, haradan gəldiyi maraqlıdır.
- Bilirsiniz, dəvət uzaqdan gəldi. Kimə desələr, yaxşı fotoqraf lazımdır, mənim adımı çəkirdilər. O dövrdə Bakıda rəngli foto ilə məşğul olan 3-4 nəfər var idi. Onlardan biri də mən idim. Xarici istehsal olan kağızlar, foto lentləri məndə olduğuna görə belə bir təklif də gəldi. Buna qədər Heydər Əliyevi bir neçə dəfə gəlib, çəkiblər, bəyənməyib. Tərəddüd etsəm də bu məsuliyyətli işi üzərimə götürdüm. Əvvəlcə onun portretlərini çəkdim.
- Sizinlə eyni vaxtda Heydər Əliyevin portretlərini çəkən fotoqrafda şəkillər alınmayıb.
- Yenə də deyirəm, özümü peşəkar hesab etmirdim. Həmin vaxt Heydər Əliyev prezidentliyə namizəd idi. Seçkiqabağı kampaniya üçün şəkillərini çəkmək təklifi gələndə bildirdim ki, özümlə bir nəfər də fotoqraf gətirəcəyəm. Həmin şəxs professional fotoqraf idi. Razılaşdılar, dedilər, kimi istəyirsən gətir, amma çəkiliş lazımdır. Təyin olunmuş vaxtda getdim. O fotoqraf üç aparatla çəkirdi, amma heç bir dənə də kadr alınmadı, adını çəkmirəm. Mən çəkən kadrlar alınmışdı. Necə deyərlər, bu sınaqdan da birtəhər çıxdım.
- Heydər Əliyev işinizi bəyənib, bir cümlə ilə deyib ki, sən mənimlə işləyəcəksən.
- Bilirsiniz, bu sözü o elə-belə demədi. Şəkillərə diqqətlə baxdı. Hərtərəfli şəxs idi, fotodan da anlayışı var idi. O vaxtlar Azərbaycan Televiziyasında böyük bir şöbənin rəisi idim. Dedim ki, mən işləyirəm axı. İkinci dəfə təkrarladı, sən mənimlə işləyəcəksən. “Yox” deməyə haqqım da yox idi. Dedim, baş üstə...
- İlk dəfə Heydər Əliyevlə Milli Məclisdə onun iş otağında görüşmüsünüz. Təəssüratlarınız necə olmuşdu?
- İlk təəssürat necə olur? “Politbüro”nun üzvü, dünyada tanınan, böyük nüfuza sahib bir şəxsiyyətlə ilk görüş, ilk təəssürat necə ola bilər? (gülür) Qarşında dayanan insan ölkə prezidentliyinə namizəddir. Onunla üz-üzəsənsə, hər sözünə, hər hərəkətinə diqqət etməlisən, məsuliyyətin böyükdür.
- Təsəvvürünüzdəki insanımı gördünüz qarşınızda, yoxsa düşündüyünüzdən daha fərqli təsir bağışladı?
- Düşündüyümdən də fərqli idi, əlbəttə. İnsanı yaxından tanımaq, xarakterinə bələd olmaq onun haqqında düşüncələrinə də təsir edir. Heydər Əliyevi hər gün görürdüm, iş otağında olurdum, haqqında bilmədiklərim çox idi. Elə bir dahi şəxsiyyəti hər gün görmək hər adama nəsib olmur. Hər gün kimlərlə görüşlər keçirirdi, hansı mövzuları müzakirə edirdi, kiminlə necə danışırdı – hamısına şahidlik edirdim. Mənim üçün böyük bir məktəb idi. Və mənə elə gəlir ki, bu məktəbi keçdim. Gələcəyimdə rolu böyük oldu, çox şeyi anladım.
- Səmimi söhbətləriniz olurdumu Heydər Əliyevlə? Ondan çəkinirdinizmi?
- Fotoqrafsansa, nəinki prezidentlə, istənilən şəxslə işləyərkən onun zövqünü oxşamalısan, nəyi bəyənir, nəyi bəyənmir – bilməlisən. Uzun müddət işləyəcəyin insanla bağlı hər məqamı nəzərə almalısan. İşə başlamazdan əvvəl mənimlə söhbətində öz tələblərini dedi. İlk gündən nədən xoşu gəlib-gəlmədiyini dedi. Onu da dedi ki, olar bilər, çəkiliş zamanı qalstukum əyri olsun, nəyisə düzəltməyə ehtiyac olsun, belə şeyləri sən kənardan daha yaxşı görə bilərsən. Ona görə də icazə verirəm, elə olanda yaxınlaşasan və bildirəsən. Amma 10 il ərzində bir dəfə də nə qalstukunun əyriliyini gördüm, nə də pencəyinin qırışını. Çox səliqəli insan idi və bütün etiketlərə əməl edirdi.
- Dahi insanların görünməyən tərəfləri həmişə maraqlı olur. İşdən kənar vaxtlarda necə idi?
- Çox işgüzar insan idi. İstirahətə demək olar ki, vaxtı olmurdu. Ailə üzvlərinin ad günlərində olmuşam, lentə almışam. O qədər sadə insan idi ki... Təsəvvür edin ki, ad günlərini sadəcə ailəsi ilə qeyd edirdi. Təmtərağa ehtiyac görməzdi. Hər gün işə gəlirdi. Nə şənbə bilirdi, nə bazar. Evə ən tez saat 9-10-da gedirdi, bütün işləri həll edəndən sonra. 10 il ərzində 4-5 dəfə Zaqulbada istirahətinə vaxt ayırdı. Nəvələri ilə vaxt keçirirdi. Şəxsi fotoqrafı kimi təbii olaraq da mənim də iş qrafikim ona uyğun olmalı idi. Bu illər ərzində bir dəfə də məzuniyyətdə olmadım.
- Bütün işçilərə qarşı belə tələbkar idi?
- Yüksək idarəetmə qabiliyyətinə malik idi. Prezident Aparatının rəhbəri və digər Aparat işçilərinin hərəsinin öz işi vardı. Prezident daha çox dövlət səviyyəli işlərlə məşğul olurdu.
- Qeyd etdiniz ki, foto sənətinə bələd idi. Çəkilişlər zamanı onu istiqamətləndirməyə ehtiyac olurdumu?
- Olurdu, təbii ki. Bir dəfə yaxşı qar yağmışdı. Dedi, belə qarlı havada yaxşı şəkillər alınar, niyə təklif etmirsən? (gülür). Həmin gün fotosessiya etdik. Yəqin ki, qartopu atdığı fotosunu görmüsünüz. Foto elədir ki, hərəkət lazımdır, hərəkətlilik daha da maraqlı edir şəkli. Yaxınlaşdım, dedim, olar ki, qartopu düzəldəsiniz, maraqlı fotolar alınar. Sözüm xoşuna gəldi. Qartopu düzəltdi və əlini qaldırdı, dedi ki, vurum bu qartopuyla səni? (gülür). Atdı, yan keçdi, amma şad olardım ki, mənə dəysin. Elə adam var, əsəbiləşir ki, niyə mənə belə dedin? Heydər Əliyev isə əksinə, deyirdi ki, yaxşı nə kadr görürsənsə, nə çəkmək istəyirsən, yaxınlaş, de.
- Ümummili Liderdən nə öyrəndiniz, onunla işləmək sizə nə qazandırdı?
- İntizamlı olmağı... Əvvəllər bunun vacibliyini elə də anlamırdım, fərqinə varmırdım. Sonradan başa düşdüm ki, Heydər Əliyev elə bir insandır ki, dəqiqlik onun üçün çox önəmlidir. Zamanında dövlət təhlükəsizliyi orqanlarında çalışıb, verdiyi tapşırıqlar vaxtında və dəqiqliklə yerinə yetirilməlidir. Möhkəm yaddaşı vardı. Ətrafına qarşı nə qədər tələbkar idisə, özünə qarşı da bir o qədər elə idi.
- Çəkdikləriniz arasında hələ də yayımlanmayan kadrlar varmı?
- Var, amma yayımlamıram. Elə fotolar var ki, heç kimə verməmişəm, özümdə qalıb. Nə vaxtsa lazım olsa, əlbəttə ki, istifadə edəcəyəm, bölüşəcəyəm. İstəyənlər olub, amma verməmişəm.
- Çəkilişlər zamanı ən çətin anınız hansı olub? Hansısa görüş və ya səfər...
- Bütün çəkilişlər çətin olurdu. Ən çətini isə dövlət başçıları ilə olan görüşlər idi. Həmin vaxtlarda tək olurdum. Ağ Ev, Roma Papasının İqamətgahı, Yaponiya İmperatorunun Sarayı – dünya səviyyəli şəxslərlə görüşü çəkmək çətin və olduqca məsuliyyətli bir vəzifədir. Prezidentin şəxsi fotoqrafı tək mən olduğum üçün görüş keçirilən məkanlara daxil olmağa sadəcə mənə icazə verilirdi. Bakıya gələnə qədər fotolenti göz bəbəyin kimi qorumalı idin, çünki səndən başqa heç kim çəkiliş etməyib. İndi təsəvvür edin ki, fotolentlərdə kadrlar çıxmasa, necə biabırçılıq olardı. İndi foto çəkmək asanlaşıb, hər cür texnologiya var. Çəkən kimi baxıb, yaxşı, pis alındığını görə bilirsən. O vaxt belə şey yox idi. İndi fotoaparatı balaca uşağa da versən, çəkəcək.
- Heydər Əliyev deyərkən ağlınıza müəllifi olduğunuz ilk hansı foto gəlir?
- Çəkdiyim portretləri yaxşı alınmışdı. Bir neçə şəkilə görə məni kabinetinə çağırtdırdığını da deyə bilərəm. Ulu Öndərin 70 illik yubileyində “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru məndən onun sadə bir vətəndaş kimi çəkilmiş adi şəkillərini istədi. Bir neçəsini seçib, verdim. Üstündən bir həftə keçəndən sonra Heydər Əliyev məni çağırtdırdı. Hər dəfə məni çağırtdıranda narahat olurdum ki, görəsən, nə baş verib. İçəri girəndə masanın üzərindəki qəzetdə şəklini gördüm. İlk sualı belə oldu ki, bu şəkli sən çəkmisən? Üzündə gülüş yox idi, bilirsiniz, adam belə olanda daha da şübhələnir. Dedim, bəli, cənab Prezident, mən çəkmişəm. Güldü, "nə gözəl şəkildi, yaxşı edib, bunu vermisən, belə sadə şəkillərdən çox istifadə et”, - dedi.
- Ailəniz, yaxınlarınız Heydər Əliyevin şəxsi fotoqrafı seçildiyinizi biləndə reaksiyaları necə oldu?
- Çox adamın bundan xəbəri yox idi. Səhər 8-də evdən çıxırdım, bir də gecə 12-ni keçəndən sonra gəlirdim. Söhbət etməyə demək olar ki, vaxtım olmurdu.
- Ümumiyyətlə, ətrafınız, bilənlər sizdən Heydər Əliyev barədə soruşurdumu? Yəqin ki, çoxuna maraqlı olub...
- Mənə elə gəlir ki, bütün Azərbaycan xalqı Ulu Öndəri yaxşı tanıyırdı. Xalq Prezidentini sevirdi və daim dəstəkləyirdi.
- Haqqınızda nə düşünürdü? İşinizi bəyəndini sizə bildirirdimi?
- Bəli, bəli... 50 yaşım tamam olanda çox adam bundan xəbərsiz idi. Dedilər, Prezident səni çağırır. Otağına daxil oldum, ayağa qalxdı, yaxınlaşdı, dedi, 50 yaşın tamam olur, mən elə bilirəm sənin hələ 30-40 yaşın var, ürəkdən təbrik etdi. Heç vaxt yadımdan çıxmaz, o dahi insan mənimlə bir saat təkbətək söhbət etdi. Axırda da problemlərimi soruşdu. Dedim, sizin Azərbaycan boyda probleminiz var, mənimki bunun yanında nədir ki? Bax, belə hadisələr olub.
- Prezidentin şəxsi fotoqrafı olduğunuz üçün sizdən çəkinənlər vardımı? Özünüzə qarşı xüsusi münasibət, güzəştlər hiss edirdinizmi? Və bundan üstünlük kimi istifadə etmisinizmi?
- Heç vaxt istifadə etməmişəm. İstifadə etsəydim, nə isə... Məni tanıyanlar bilirlər ki, uşaqla uşağam, böyüklə böyük. Nə vaxtsa kimsədən nəsə tələb etməmişəm. Öz yükümü özüm çəkmişəm. Həyatda hər şeyi öz gücümə etmişəm.
- Məkkəyə səfər zamanı Heydər Əliyevlə Kəbənin içərisini də ziyarət etmisiniz. Bu, dünyaca tanınmış, seçilən insanlara edilən jest idi. Necə deyərlər, bağlı qapılar Ulu Öndərin üzünə açıq olurdu. Sizcə, bunun sirri nədə idi?
- Ulu Öndərin nüfuzu... ”Politbüro”da öndə gedən 9-10 nəfərdən biri idi, bu məqama yüksəlmək hər adamın işi deyildi. Heydər Əliyev dünyaşöhrətli siyasətçi, uzaqgörən dövlət xadimi idi.
- Heydər Əliyevin son kadrları... İyulun 8-də Ankarada təyyarə trapından düşəndə yenə də şəkillərini siz çəkmisiniz, Ulu Öndərin son fotolarını… Bu sizə necə təsir etmişdi?
- Düşünürdüm ki, Heydər Əliyevlə yenidən görüşəcəyik. Mənə elə gəlirdi ki, o insan yüz illər yaşayacaq. Səhnədə yıxıldı, ikinci dəfə yenidən qayıtdı, yaxınları onu fikrindən döndərə bilmədi. İnadkar insan idi. İkinci dəfə də səhnəyə çıxdı, üçüncü dəfə də. İnanmırdım ki, ona nəsə olsun. Lakin vəzifəsini sona qədər yerinə yetirdi, insanlarla sağollaşmamış səhnəni tərk etmədi.
- Yeni tarixi dövrə qədəm qoymuşuq. Qarabağ azaddır, Xankəndində, Xocalıda bayrağımız dalğalanır. Deyirlər, insan dünyadan köçsə də ruhu baş verənlərdən xəbərdar olur...
- 93-cü ildən Heydər Əliyevlə işləməyə başlayandan son günə qədər elə bir rəsmi, işgüzar görüş yox idi ki, Prezident orada Qarabağdan bəhs etməsin. Dövlət başçıları, siyasi xadimlər, xarici nümayəndələrlə keçirdiyi bütün görüşlərində Qarabağ məsələsini qaldırırdı. Yaponiya İmperator Sarayındayıq, bilirsiniz, Azərbaycanla Yaponiya arasında 10 min kilometrə qədər məsafə var. Orada hətta bu məsələni qaldırdı. Elə bir təbliğat aparırdı ki, bununla bir çox dövlət başçılarının fikirlərinin dəyişməsinə nail oldu. Bunun nəticəsi idi ki, BMT-də Azərbaycanın lehinə dörd qətnamə qəbul edildi. Ailədaxili söhbətlərinin də şahidi olmuşam. Oğlu – layiqli davamçısı ilə söhbətlərində də Qarabağ məsələsini tez-tez müzakirə edirdi. Cənab İlham Əliyev də atasının vəsiyyətini şərəflə yerinə yetirdi. Hər oğul atasının arzusunu yerinə yetirməyə borcludur. Mərhum Ulu Öndərin ruhu şaddır.