Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən 83 nəfəri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin Baş İdarəsi əlavə edib ki, polis əməkdaşları tərəfindən 50-dən çox axtarış aparılıb:
“Bu zaman kütləvi iğtişaşları təşkil edənlərlə bağlı maddi sübutlar, ofis avadanlığı və telefonlar götürülüb. Şəhərdə əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının nəzarətindədir”.
Polis xəbərdarlıq edir ki, şəhərdə əməliyyat vəziyyətini çətinləşdirməyə yönəlmiş bütün cəhdlərə dərhal son qoyulacaq.
Qeyd edək ki, Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilib.