Azərbaycan Ermənistana qaz ixrac edə bilər - DETALLAR

 Azərbaycan Ermənistana qaz ixrac edə bilər - DETALLAR

Tbilisi Beynəlxalq İpək Yolu Forumunda Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakop Vardanyan bildirib ki, siyasi məsələlər həllini tapdıqdan sonra ölkəsi Azərbaycandan yenidən təbii qaz ala bilər. 

“Sovet illərində bu cür təcrübəmiz olub. Qeyd etdiyim kimi, biz qazı Azərbaycandan alırdıq, üç nəhəng qaz kəmərimiz var idi. Ölkələrimiz arasında siyasi məsələ qalmadığı təqdirdə bu kəmərləri bərpa edə bilərik. Həmçinin Azərbaycandan Avropaya qaz nəqli ölkəsi ola bilərik, eynisi elektrik enerjisinə də aiddir. Bu kommunikasiyaların tikintisinə və bərpasına hazırıq. Bu, regionun enerji şaxələndirməsini dəyişə bilər”, - Vardanyan qeyd edib.

O vurğulayıb ki, Ermənistan regionun mərkəzində yerləşdiyindən onun Şərq və Qərb qonşuları ilə sərhədlərinin açılması böyük imkanlar yarada bilər. O, Ermənistanın Azərbaycandan Türkiyəyə, eləcə də əks istiqamətdə elektrik enerjisinin nəqlində və ixracında rol oynaya biləcəyini, eləcə də hər iki ölkəyə elektrik enerjisi ixrac edə biləcəyini deyib.

Əlavə edib ki, Ermənistan Azərbaycan və Türkiyə üçün, həmçinin Gürcüstan və İran üçün ən qısa dəhlizdir.

Nazir müavininin çıxışına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan gələcəkdə Ermənistana qaz ixracında maraqlı ola bilər: 

“Tərəflər arasında sülh müqaviləsi bağlanarsa, bütün kommunikasiyalar açılarsa və Ermənistan normal qonşuluq siyasətinə geri dönərsə, gələcəkdə Azərbaycanla sərhəd qonşusu arasında ticarət anlaşmaları da olacaq. Gürcüstana qaz da satırıq, elektrik enerjisi də. Regional ölkələrdən biri kimi Ermənistan da istəsə dünya bazarı qiymətlərilə Azərbaycandan enerji daşıyıcıları ala bilər. 


Ermənistanın indi bu məsələni qaldırmasının səbəbi başqadır. Rusiya qazından böyük asılılığı var, demək olar ki, 100 faiz qaz ehtiyacını onun hesabına ödəyir. Əvvəllər İrandan da qaz alırdı, indisə isə tamamilə Rusiyadan tədarük edir. Rusiya ilə münasibətləri korlanarsa, qaz mənbələrinə olan tələbat artacaq. Buna görə də gələcəkdə Azərbaycandan qaz ala bilər. 

Tranzit ölkə kimi Ermənistanın önəminə qaldıqda isə əgər işğalçı siyasət aparmasaydı, vaxtilə ərazi iddiaları ilə çıxış etməsəydi, Avropaya qaz nəqlində təbii ki, ən qısa yol onun ərazisindən keçirdi. Enerji resursları oradan daşına bilərdi. Artıq gecdir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri işləkdir, həcm olaraq da Azərbaycana yetərlidir. Əlavə həcmlər yoxdur ki, yeni boru kəmərləri çəkilsin. Ermənistan elektrik enerjisi məsələsinə qoşula bilər. Bu layihə yenidir, Qara dənizin altı isə Avropa Birliyinə elektrik enerjisi ixracı kabelləri çəkilir. Həmin layihədə Ermənistan regional ölkə kimi iştirak edə bilər”.

14:30 - 28 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin