"Rəhimin həyatını puç edənlər yasında ağlayırdı"

"Rəhim "Kimlər gəldi, kimlər getdi" adlı mahnı təqdim etdi. Orada səhnə adamlarından bəhs olunurdu. Jurnalistlərdən biri o mahnını mənə ünvanlamış kimi qələmə verdi. Rəhim də həmin suala cavab vermədi. Rəhimə zəng vurdum söylədim ki, bu nə məsələdir belə? Bilirəm ki, sən deməmisən, jurnalist deyib. Sənin isə tam imkanın var ki, dönüb söyləyəsən bu, Faiq Ağayev barəsində deyil. Cavab verdi ki, boş ver dostum. Mən bu mahnını sənə aid etməmişəm. Məsələ ilə bağlı məndən soruşanda isə sərt çıxış etdim".

Asayis.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “O üz” verilişində deyib. Müğənni mərhum ifaçı Rəhim Rəhimlidən bəhs edib:

"Çıxışımın efirə getməsindən 20 dəqiqə sonra Rəhim mənə zəng edib, söylədi ki, mən nə boyda qələt eləmişəm. Bilsəydim ki, söhbət belə qızışacaq özüm çıxış edib deyərdim mahnının Faiq Ağayevlə əlaqəsi yoxdur. Rəhim mənə hər zaman “siz” deyə müraciət edərək, danışırdı. Baxmayaraq ki, aramızda aşırı səmimi münasibət var idi. O heç  zaman qanacağından və mərifətindən qalmazdı. Ona dedim ki, elə  et bir də səndən inciməyim. Mənim də xasiyyətim belədir. Dedi ki, baş üstə. Bundan sonra Rəhimdən bir dəfə də olsun yalnış çıxış görmədim".

F.Ağayev bildirib ki, sənət adamları Rəhimlə onun arasını vurub:

"Bilirəm, Rəhimin elə çıxış etməyinin səbəbi nə idi və kim onu qızışdırmışdı. Bilirəm ki, ideyanı ona kim vermişdi. Həmin şəxs Rəhimin dəfn mərasiminə gəlib, timsah göz yaşı töküb. Halbuki, onun ən böyük düşməni o insan idi. Ən böyük düşməni... Bu haqda Rəhimin dəfnindən sonra da müsahibə vermişdim. Müsahibəmdə demişdim ki, Rəhimin həyatını puç etməyə çalışan və vaxtını ona sərf edən insanlar gəlib onun dəfnində “timsah göz yaşlarını” tökür. Rəhimə etdiklərinə görə mütləq məsuliyyət daşıyacaqlar. Necə ki, bununla bağlı problem yaşayırlar".

Qeyd edək ki, R.Rəhimli ötən il dünyasını dəyişib. 

Axşam.az

13:24 - 24 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin