Dəyişməz partiya sədrləri - SİYAHI

 Dəyişməz partiya sədrləri - SİYAHI

Məlum olduğu kimi ötən ay Azərbaycanda fəaliyyətdə olan siyasi partiyaların “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq təkrar dövlət qeydiyyatı aparılıb. Nəticədə 29 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb. 

Siyasi partiyalarla bağlı apardığımz araşdırma bir sıra maraqlı faktları üzə çıxarıb. Ən diqqət çəkən məqamlardan biri odur ki, əksər partiya rəhbərləri on illər ərzində dəyişməz olaraq qalıb.

Necə deyərlər sözügedən partiyaların qurucuları siyasi təşkilatı özləri üçün daimi iş yeri kimi təsis ediblər. 

Bəs, dəyişməz və ən uzunömürlü partiya sədrləri kimlərdir?

Bizim.Media-nın hazırladığı siyahını təqdim edirik:

Fəzail Ağamalı

Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyası 1992-ci ildə yaradılıb. O zamandan bu günədək  Fəzail Ağamalı partiyanın dəyişməz lideridir. O, həmçinin parlamentin də uzunömürlü deputatlarından hesab olunur. AVP sədri 1995-ci ildən bəri Milli Məclisdə təmsil olunur.

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlının təsis etdiyi Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə təsis edilib. Partiyanın ilk qurultayında Sabir Rüstəmxanlı sədr seçilib. Ötən 31 ildə Sabir Rüstəmxanlı bu vəzifəni fasiləsiz olaraq icra edib.

Tahir Kərimli

Vəhdət Partiyası isə 1998-ci ildə yaradılıb. Tahir Kərimli həmin vaxtdan bu günə kimi dəyişməz partiya lideri olaraq qalır. Tahir Kərimli daha əvvəl Ali Məhkəmənin sədri olub. O, həmçinin Milli Məclisin deputatıdır.

İlyas İsmayıl

Ədalət Partiyası 2001-ci ildə təsis edilib. İlk qurultayda sədr seçilən İlyas İsmayıl ötən 22 ildə sədr kürsüsünü heç kimə etibar etməyib. O, 1992-1995-ci illərdə ədliyyə naziri vəzifəsini icra edib.

Hafiz Hacıyev

Müasir Musavat Partiyası da 2001-ci ildə yaradılıb. O gündən bu günə Hafiz Hacıyev partiyada əvəzolunmaz lider kimi qalmaqdadır.

Asim Mollazadə

Demokratk İslahatlar Partiyası 2005-ci ildə yaradılıb. Partiyanın ilk sədri Asim Mollazadə olub. Lakin ötən 18 ildə o öz kreslosunu toxunulmaz saxlayıb. Asim Mollazadə parlamentin uzunmüddətli deputatlarından biri hesab olunur. O, 23 ildir ki, millət vəkilidir.

Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyası 2007-ci ildə təsis olunub. Ötən 16 ildə Mirmahmud Fəttayev partiyada dəyişməz lider olaraq qalıb.

Fazil Mustafa

Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. O vaxtdan indiyədək Fazil Mustafa siyasi təşkilatın dəyişməz lideri olaraq qalır. Siyasətçi 2005-ci ildən bəri Milli Məclisin deputatıdır.

Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 2004-cü ildə təsis edilib. Qüdrət Həsənquliyev 19 ildir ki, partiya sədri vəzifəsini icra edir. O, eyni zamanda Milli Məclisin deputatıdır.

Fərəc Quliyev

Milli Dirçəliş Hərakatı Partiyası 2002-ci ildə Fərəc Quliyev tərəfindən yaradılıb. O, 21 ildir ki, təsis etdiyi partiyanın əvəzolunmaz lideridir.

18:00 - 18 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin