Separatçıların Bakıda törətdiyi dəhşətli OLAY - Ermənilər paytaxtı belə hədəf almışdılar

 Separatçıların Bakıda törətdiyi dəhşətli OLAY - Ermənilər paytaxtı belə hədəf almışdılar

Azərbaycan uzun illərdir separatizmdən əziyyət çəkir. 1988-ci ilin fevralından 2023-cü ilin sentyabrına kimi bu zillət davam etdi. Qarabağda yaşayan ermənilər 35 il öncə Azərbaycana qarşı ərazi iddiası irəli sürdülər. “Qarabağ Ermənistana birləşdirilsin” tələbi ilə Xankəndidə mitinqlərə başladılar.

Əslində hər şey SSRİ prezidenti Mixail Qobaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqanbekyanın Fransa qəzetində çap olunan bədnam məqaləsindən sonra başladı. Təsəvvür edin, Qarabağ konfliktinin ilk fitnəsi Fransada verilib. Bu gün də Cənubi Qafqazda sülhün əldə edilməsinə mane olmağa çalışan əsas dövlət Fransadır.

Bəzən unuduruq ki, Azərbaycanı üçtərəfli separatizmə məruz qoymaq planı var idi. Xarici qüvvələr paralel olaraq talış kartından və ləzgi amilindən yararlanmaq istəyirdilər. Bunun ilk “baş məşqləri” 1993-cü ildə oynanıldı. Ələkrəm Hümbətov xarici güclərin təsiri ilə bu cinayətə və xain plana əl atdı. Qondarma “Talış Muğan Respublikası”nı elan edib, Azərbaycanın bölünməsinə çalışdı. Bu o vaxtlar idi ki, Surət Hüseynov Gəncədə hərbi qiyam edib, baş nazir postuna sahiblənmişdi. Əslində, Surətin rəftarında separatizm əlamətləri kifayət qədər idi. Şərt deyil ki, etnik separatizm olsun.

Ələkrəm Hümbətovun xain planının qarşısı elə talış xalqının da yaxından iştirakı ilə alındı. Azərbaycanın ərazi bütövlüyü uğrunda minlərlə şəhid vermiş qəhrəman talış xalqı heç vaxt öz dövlətinə dönük çıxmayıb. Əksinə, onu ən kritik məqamlarda qoruyub. 44 günlük Vətən müharibəsində yüzlərlə talış övladı qəhrəmancasına şəhid oldu. Xeyli qazi var. Rusiya, İran, bəzi Qərb dövlətləri neçə illərdir ki, Azərbaycanda talışları öz çirkin niyyətinə alət etmək istəsə də bu, baş tutmur. Azərbaycanın mənafeyini, bayrağını, müstəqilliyini göz bəbəyi kimi qoruyur talışlar.

1993-cü ilin avqust ayında Heydər Əliyev Azərbaycanı bölmək istəyənlərin planlarının qarşısını məharətlə aldı. O, xalqı, yerli sakinləri sözügedən bədnam plana qarşı səfərbər etdi. Bu, Surətin qiyamından sonra ölkəmizi bölmək istəyənlərin ikinci cəhdi idi.

Ardınca şimalda “Sadval” təşkilatını fəallaşdırdılar. Təsəvvür edin, Qarabağda ermənilər, Gəncədə Surət Hüseynov, Lənkəranda Ələkrəm Hümbətov və şimal bölgəsində “Sadval”çılar eyni vaxtda Azərbaycanı bölmək, işğal etmək, xaraba qoymaq üçün hərəkətə keçmişdilər. İndi gəl, sən bu cür ağır vəziyyətdən ölkəni xilas elə.

Ələkrəmin qiyamı yatırıldıqdan sonra “Sadval” da öz payını aldı. Dövlət növbəti separatizmin ayaq tutub yeriməməsi üçün vaxtında tədbirlər gördü. Ə.Hümbətov həbs edildi, uzun müddət Qobustan həbsxanasında cəza çəkdi. Sonradan Avropa onu Azərbaycan hökumətindən alıb, Hollandiyaya apardı. Ancaq dövlət bu Vətən xainini bir şərtlə buraxdı: Vətəndaşlıqdan məhrum edərək!

“Sadval” təşkilatı isə bundan təxminən 1 il sonra – 1994-cü ilin mart və iyul aylarında Bakı metropoliteninin “20 Yanvar” və “Gənclik” stansiyalarında terror həyata keçirdi. Bu terror hadisələrində ümumilikdə 27 nəfər mülki şəxs həlak oldu. “Sadval”ın hər iki terror aksiyasının təşkilatçıları ermənilər idi. “Gənclik”dəki terror tapşırığını isə birbaşa Zori Balayan vermişdi. Bunu istintaqa ifadəsində terroru törədən Azər Aslanov etiraf etmişdi. Digər terrorda isə təşkilatçılar erməni millətindən olan Karen Baqdasaryan, Seyran Sarkisyan olublar.

Göründüyü kimi, ölkəmizə qarşı bütün pisliklərin və xəyanətin başında ermənilər dayanır. Erməni separatizminin kökü qazındı, onun başında dayananlar hazırda Bakıda istintaq təcridxanasında Azərbaycanın hüquq mühafizə orqanlarının müstəntiqlərinə ifadə verirlər. Prezident İlham Əliyev separatizmin yuvasına çevrilmiş tarixi şəhərimiz Xankəndidə bayrağımızı qaldırdı. Bir vaxtlar Robert Koçaryanın, Bako Saakyanın, Arkadi Qukasyanın, Araik Arutyunyanın, Samvel Şahramanyanın əyləşdiyi binaya gerbimiz vuruldu. Ali Baş Komandan İlham Əliyev o binanın qarşısında dayanıb, tarixi çıxışını etdi.

Erməni separatizmi yoxdursa, heç bir separatizm yoxdur, demək. Erməni işğalı dayanıbsa, heç bir xain plan Azərbaycana qarşı işləyə bilməz.

Separatizmi və separatçıları bəsləyən Rusiya da artıq onlara sahib çıxmır. Tarixin hökmünə baxın, bir zamanlar ermənilər Bakı metrosunda terror təşkil etdirib, dinc insanlarımızı öldürürdülər. Torpaqlarımızı işğal edirdilər, Şuşada yallı gedirdilər, bizə rişxənd edirdilər. İndi isə son 200 ildə etdikləri pisliyin cəzasını çəkirlər. Hələ harasıdır…

Təəssüf ki, regionumuzda hələ də separat bölgələr qalmaqdadır. Bunun ən bariz nümunəsi Gürcüstandadır. Abxaziya və Cənubi Osetiyada davam edən etnik separatizm Cənubi Qafqazda sabitliyi təhdid edir. Amma regionumuzda ən dəhşətli, təsirli separatizm Qarabağda idi. İnanırıq, erməni separatizminin yox edilməsi separat bölgələrə də öz təsirini göstərəcək. Əsasən də Gürcüstandakı separatizmə. (Globalinfo.az)

13:48 - 18 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin