Antiterror tədbirlərindən sonra separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başladı. Qondarma Dağlıq Qarabağ Respublikası özünü buraxdığını elan etdi. Xunta rejimi başçıları Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs olunur. Yeni reallıqlardan sonra bölgədə Rusiya Sülhməramlı Kontingentinin fəaliyyətinə son qoyulması məsələsi gündəmə gəlir.
Asayis.Az xəbər verir ki, siyasi şərhçi Turab Rzayev açıqlamasında deyib ki, sülhməramlıların fəaliyyəti dövlətlərarası razılaşmalara əsaslanacaq:
“Üçtərəfli sazişə əsasən sülhməramlıların fəaliyyətinin tamam olmasına 6 ay qalmış tərəflərdən biri etiraz edərsə, onlar bölgədən çıxmalıdır. Ancaq indi tərəflər yoxdur. Yəni burada Ermənistan artıq tərəf deyil, o, Qarabağ məsələsindən təmamilə kənardadır. Yeganə tərəf Azərbaycandır, onun istəyi əsas götürüləcək. Əlbəttə, vaxtından əvvəl də sülhməramlıların bölgəni tərk etməsi istənilə bilər, buna təmamailə hüququmuz çatır. Və ya bu məsələ Azərbaycanla Rusiya arasında müzakirə oluna bilər. Ola bilər ki, Azərbaycan tərəfi 5 ilin tamamlanmasına icazə versin. Xankəndində qalacaq 300-500 erməninin təhlükəsizliyi məsələsi gündəmə gətirilə bilər. Düşünürəm ki, bunu Azərbaycan özü öhdəsinə götürə bilər. Rusların qalması şərt deyil”.
Demokrat.az