Vardaryanın həbsi niyə bu qədər asan oldu? - Onu “Laçın” postuna gətirən səbəblər...

 Vardaryanın həbsi niyə bu qədər asan oldu? - Onu “Laçın” postuna gətirən səbəblər...

Ötən həftə olduqca əhəmiyyətli hadisələrlə yadda qaldı. Qarabağdakı erməni separatçılarının əsas fiqurlarının - Levon Mnatsakanyan, Ruben Vardaryan, Davit Babayan və Davit Manukyanın həbsi Qarabağda cərəyan edən proseslərin taleyində həlledici rol oynadı. Amma bu şəxslərin içərisində separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardaryanın həbsi daha çox gözlənilməz və maraqlı hadisə oldu.

Nə baş verdi ki, R.Vardaryan “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Azərbaycan hüquq-mühafizə orqanlarına təslim oldu?

Ermənistan vətəndaşı, milyarder R.Vardaryan hər hansı başqa üsul ilə Qarabağı tərk edə bilməzdimi? Proseslərin təhlili göstərir ki, “Laçın” buraxılış məntəqəsinə yaxınlaşan R.Vardaryanın Ermənistana getmək niyyəti olmayıb. Belə çıxır ki, o, öz həbsinə məqsədli və planlı şəkildə nail olub. Heç şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının işi onu həbs etmək idi. Amma o, sıradan bir şəxs deyil, çox ağıllı adamdır və milyardlarla dəyəri olan sərvətə sahibdir. Onun əvvəlcədən müəyyənləşdirilmiş ssenari üzrə hərəkət etdiyi heç bir şübhə doğura bilməz.

2022-ci ildə R.Vardaryanın Qarabağa köç edərək, Rusiya vətəndaşlığından imtina etməsi və Ermənistan vətəndaşlığını alması bölgədə seperatçılığın-revanşizmin qızışdırılmasına, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa hesablanmış addım idi.

Azərbaycan hüquq-mühafizə orqanlarının həbs etdiyi separatçı liderlərin hamısı birmənalı şəkildə Rusiyanın agentləridir.

2022-ci ilin noyabrında Prezident İlham Əliyev də öz çıxışında R.Vardanyanın Rusiya tərəfindən Qarabağa "xüsusi gündəliklə" göndərildiyini bildirmişdi.

Bəs, bu şəxslərin, xüsusilə, R.Vardaryanın həbsi niyə bu qədər asan oldu?

R.Vardaryan Ermənistana gedəcəyi təqdirdə onu ağır sürprizlərin gözlədiyini yaxşı başa düşürdü. Bir neçə gündür Ermənistanda Paşinyan əleyhinə mitinqlər keçirilir və onun istefası tələb olunur. R.Vardaryanın Ermənistana gedişi ilə İrəvanda keçirilən mitinqlər daha da alovlanacaq, daxildəki “Qarabağ klanı”nın hesabına sabitlik tamamilə pozulacaq və Paşinyan əleyhinə keçirilən mitinqlər daha aqressiv şəkil alacaqdı. ABŞ-ın tərəddüdsüz dəstəklədiyi Paşinyan isə onu hər vəchlə və dərhal zərərsizləşdirəcəkdi. Ermənistandakı təhdidlər və orada cərəyan edən hadisələrin spesifikası göstərir ki, İrəvana gedəcəyi halda onun həyatı üçün də ciddi təhlükə ola biləcəyi də əsas ehtimallardan biridir. O, bunu yaxşı başa düşürdü və planlı şəkildə həbsinə nail olmaqla, özünü sığortalamış oldu. İndiki situasiyada Rusiyanın ən sadiq agentlərindən birini İrəvanda hansı risklərin gözlədiyini hesablamaq elə də çətin deyil. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı qətidir, məhz belə bir şəraitdə R.Vardaryan və digər separatçılar İrəvana lazım deyil.

Bəs, Vardaryanın ssenari üzrə hərəkət trayektoriyasının hədəfləri nədir?

İlkin mərhlədə o, həbs edilib. Artıq ona qarşı 3 maddə üzrə ittihamlar ( Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) irəli sürülüb. Yəqin ki, R.Vardaryanı 14 ilə qədər həbs cəzası gözləyir.

Bəs, o, həbsdə olduğu müddətdə hansı hadisələr necə cərəyan edə bilər?

Yəqin ki, bu müddət ərzində Azərbaycanla Ermənistan arasında bütün məsələlər həll ediləcək: sülh müqaviləsi imzlanacaq, Naxçıvanla yol işləyəcək, reinteqrasiya prosesi xeyli dərəcədə inkişaf edəcək, Azərbaycan-Ermənistan sərhədləri müyyənləşdiriləcək və bununla da Ermənistanda Sarkisyan-Koçaryan cütlüyünün “Qarabağ klanı” ətrafındakı oyunları da iflasa uğrayacaq.

Məhz bundan sonra digər erməni məhkumlar kimi, R.Vardaryanın da nə vaxtsa, Azərbaycanda imzalanan humanist amnistiya ilə azadlığa çıxa biləcəyi ehtimalı var. Bundan sonra isə R.Vardaryan heç kəsə lazım olmayacaq. O, Azərbaycanda həbsdə olan “qəhrəman lider” kimi qarşılanmayacaq. Onun hər hansı separatçı fikirləri də heç nəyi dəyişməyəcək. Çünki o zamana qədər Azərbaycan-Ermənistan arasındakı problemlərin həllinin əks olunduğu sülh müqaviləsi imzalanmış olacaq.

Oktyabrın 5-də Qranadada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənstanın baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Hazırda bu görüşə mane olmaq üçün Ermənistandakı revanşistlər bütün mümkün üsullardan istifadə edirlər. R.Vardaryanın həbsdə olması Azərbaycanın da, Ermənistanın da, ABŞ və Rusiyanın da maraqlarına tam cavab verir.

Rusiya başa düşür ki, Azərbaycanı itirmək bütün Cənubi Qafqazı itirmək deməkdir. Hazırkı durumda - Ermənistanın ABŞ-a yön aldığı, Vaşinqtonun Paşinyanı xüsusi qətiyyətlə dəstəklədiyi bir ərəfədə Azərbaycanla münasibətlərin korlanması Kremlin maraqlarına ziddir.

R.Vardaryanın həbsi ABŞ-a sərf edirmi? Bəli! Vardaryan Paşinyan hakimiyyəti üçüçn ən ciddi təhdidlərdən biri sayılırdı.

Vardaryanın həbsi Rusiyaya da sərf edir, ona görə ki, Azərbaycanın üstün mövqedə dayandığı və separatçılığı məhv edildiyi bir ərəfədə onu müdafiə etmək perspektivsiz addım olardı. Rusiya R.Vardaryan vasitəsilə ABŞ-ın dəsəklədiyi Paşinyanı devirəcəyinə də əmin deyil.

Rusiya prezidentinin mətbuat katibi Peskovun “Vardaryan Rusiya vətəndaşlığından imtina edib və onu müdafiə etmək üçün heç nə edə bilmərik” fikri R.Vardaryanın Kremlə xəyanət etdiyi, oyunların qaydalarını pozduğu qənaətini yarada bilər. Hətta Vardaryan Qərbin sanksiya tətbiq etdiyi rusiyalı iş adamlarının siyahısından çıxarılması da bu ehtimalı da artırır. Lakin bu gün Vardaryan heç kəsə lazım deyil. O, Qarabağda separatçılığı gücləndirmək və “Artsax”ı ölümdən xilas etmək üçün gəlmişdi. Artıq “Artsax” yoxdur, deməli, Kreml tərəfindən xüsusi missiya ilə Qarabağa göndərilmiş agentin də fəaliyyəti uğursuz nəticə kimi qiymətləndirilib.

ABŞ Ermənistanda gücləndikcə, Rusiyanın Azərbaycanla pozitiv münasibətləri qorumaqdan, tələblərimizin yerinə yetirilməsinə dəstək verməkdən başqa yolu qalmır.

Bu qədər qəliz və proqnozlaşdırılması çətin olan proseslərdən uduşlu çıxmağımız göstərir ki, Azərbaycan bütün qaydaları dəqiq bilir, bütün bilgilərə sahibdir və hər hansı qüvvələrin müdaxiləsinə imkan yaratmır.


 Samir Feyruzov
 

15:48 - 4 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin