“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin Ermənistana getməsi onların könüllü qərarıdır, geri qayıda bilərlər”.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin gdh.digital nəşrinə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Qarabağ bölgəsinin erməni sakinlərinin sıxışdırılması ilə bağlı ittihamları rədd edən Azərbaycan Prezidentinin nümayəndəsi deyib:
“Xüsusilə vurğulamalıyam ki, biz onları qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırmışıq. Baxın, Azərbaycanın rəsmi qurumları son bir neçə gündə nə ediblər: Qarabağ bölgəsinə müxtəlif humanitar yardımlar, dərmanlar, yanğınsöndürən maşınlar göndərmişik. Biz Xankəndiyə 24 saat elektrik enerjisinin verilməsini təmin etmişik”.
E.Əmirbəyov deyib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda "etnik təmizləmə" ilə bağlı əsassız iddialarını pisləyir:
“Paşinyan Azərbaycanın ermənilərə humanitar yardım göstərmək səylərini və onların reinteqrasiya prosesini pozmağa çalışır. Bu, həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalını sarsıdır”.