Asayis.Az xəbər verir ki, videoda Mərkəzin Oxçuçay sahilində yerləşməsi, işin qısa müddətdə başa çatıdılması üçün istifadə olunan resurslar və s. barədə məlumatlar qeyd olunur.
Zəngilan şəhərinin mərkəzində yerləşən bu kompleksin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 28 sentyabr 2023-cü ildə baş tutub.
Ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.
Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.
Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.