“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşları Bayramov Mustafa Nəriman oğlu, Elizarov Viktor Yevqenyeviç və Kozlov Mixail Vyaçeslavoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Asayis.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmtindən məlumat verilib.
“Mustafa Bayramov və Mixail Kozlovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq), Viktor Elizarovun isə həmin Məcəllənin 135-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində həmin ölkənin səlahiyyətli orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.
Qeyd olunan şəxslər Azərbaycana gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, axtarışda olduqları üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib”, - məlumatda bildirilib.
Demokrat.az