Nazir müşaviri: “Azərbaycanlılar Ukraynada ləyaqətli davranış və qəhrəmanlıq nümayiş etdirirlər”
2022-ci il fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək əmrindən sonra başlanan şiddətli müharibə davam edir. Qeyd edək ki, müharibə yeni başlayanda Putin bəyan edirdi ki, bu qərar Kiyevin NATO-ya daxil olmasının qarşısını almaq və Ukraynanı Rusiyanın təsir dairəsində saxlamaq üçün “demilitarizasiya etmək və faşistlərdən təmizləmək” məqsədilə həyata keçirilir. Müharibə iki ilə yaxındır davam etsə də, Rusiya nəinki öz məqsədinə nail olmayıb, hətta, son aylar hərbi üstünlük Ukraynanın tərəfindədir.
Rəsmi Kiyev Donetsk vilayətinin Baxmut istiqamətində Klişçiyevka kəndini Rusiya işğalından azad etdiklərini bildirib. Qərb nəşrləri iddia edir ki, Ukraynadakı hərbi münaqişə daha 6-7 il davam edə bilər və Kiyevin müttəfiqləri onun maliyyə dəstəyini bu müddətə planlaşdırmalıdır. Rusiya Prezidenti isə Qərbin Ukraynaya dəstəyini davam etdirməyə gücü çatmadığını söyləyib.
Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukraynanın maliyyə nazirinin müşaviri Azər Xudiyev AYNA-ya müsahibəsində Rusiya-Ukrayna müharibəsinin gedişatı, iqtisadi vəziyyət və digər mövzular ətrafında danışıb.
- Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir. Hazırda vəziyyət nə yerdədir? Üstünlük Rusiyanın, yoxsa Ukraynanın tərəfindədir?
- Açıq şəkildə söyləmək olar ki, müharibədə üstünlük artıq Ukraynanın tərəfindədir. Baxmut istiqamətində Ukrayna Ordusu ciddi nailiyyətlər əldə edir. Digər bölgələrdə də hərbi üstünlük Ukraynanın tərəfindədir. Baxmutun ətrafı Ukraynanın nəzarətindədir. Bu ərazilərin götürülməsi logistik yola nəzarəti təmin edir ki, Rusiyaya qarşı müharibədə həlledici rola malikdir.
Şiddətli döyüşlər davam edir. Əminliklə demək olar ki, Rusiyanın bu savaşda qalib gəlməsi mümkün deyil. Kremlin siyasi dairələri anlayırlar ki, müharibənin uzanması Rusiya iqtisadiyyatının çöküşünü sürətləndirəcək və orduda tükənmə prosesi dərinləşəcək. Yəni Moskva üçün apokalipsis səviyyəsində durumun yaranması ehtimalı var. Proses hətta Rusiyada hakimiyyət dəyişikliyinə qədər gətirib çıxara bilər.
- Kreml iddia edir ki, Qərbin Ukraynaya dəstəyi davam etdirməyə gücü çatmır. Bu iddiaların həqiqət yükü varmı?
- Məlum olduğu kimi, Ukrayna Müdafiə Nazirliyində ciddi islahatlar aparılır. Müdafiə naziri və müavinləri istefaya göndərildi. Prezident Zelenskinin sərəncamları ilə yeni nazir və müavinləri təyin olunub. Müdafiə Nazirliyində yeni komanda formalaşdırılır. Bunun da əsas səbəbi Qərb dairələrinin Müdafiə Nazirliyində yeyintilərin olması ilə bağlı şikayətləridir. Müharibə dövründə belə bir addımın atılması arzuolunmaz tendensiya olsa da, buna getməyə məcbur qaldılar.
Baş Qərargah Müdafiə Nazirliyindən fərqli səlahiyyətlərə malikdir və müharibənin birbaşa gedişinə onlar nəzarət edirlər. Baş Qərargahın fəaliyyəti müsbət qiymətləndirilir və Ukrayna Ordusunun əldə etdiyi nailiyyətlər onların uğurlu fəaliyyətinin təzahürüdür. Son bir həftə ərzində Rusiya hərbçiləri daha ciddi itkilərə məruz qalıb. Rusiya tərəfinin Qərbin dəstəyi və Ukraynanın məğlub olacağı ilə bağlı açıqlamaları isə özlərinin qalib obrazını yaratmağa xidmət edir və heç bir məntiqi əsası yoxdur.
- Ukraynada sosial-iqtisadi vəziyyət necədir? Müharibə aparan və təcavüzə məruz qalan ölkə iqtisadi böhrandan hansı üsullarla yayınmağı bacarır?
- Kiyevə qarşı da raket hücumları davam edir. Elə gün yoxdur ki, şəhər raket hücumlarına məruz qalmasın. Lakin paytaxt çox yüksək səviyyədə qorunur. Xarkov, Lvov və digər şəhərlərdə şiddətli döyüşlər davam edir. Təbii ki, müharibə şəraitində olan ölkədə iqtisadi vəziyyət yüksək ola bilməz. Bu mənada Ukraynada da iqtisadi vəziyyət nisbətən ağırdır. Amma müharibə davam etsə də, Ukraynada dərin inflyasiya, bahalaşma və ərzaq böhranı qeydə alınmır. Kənardan Ukraynaya dəstək var və bu da iqtisadi böhranın baş verməsinin qarşısını alan faktor rolunda çıxış edir.
Bir ciddi problem Ukrayna ilə Polşa arasında fikir ayrılıqlarının mövcud olmasıdır. Hansı ki, Ukraynaya yardımlar - həm hərbi, həm də iqtisadi - əsasən bu ölkə üzərindən həyata keçirilir. Digər ölkələr – Macarıstan və Belarus isə Rusiyaya yaxındır. Fikir ayrılıqlarının səbəbi taxılla bağlıdır. Ukrayna bu səbəbə görə Polşa və Slovakiyaya qarşı məhkəmə iddiası qaldırıb və Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Polşa isə bu iddiaları təkzib edir. İki ölkə arasında müəyyən diplomatik və iqtisadi narazılıqlar müşahidə olunur.
Onu da söyləmək olar ki, ABŞ və müttəfiqləri tərəfindən yardım paketləri olmasaydı, vəziyyət yaxşı olmazdı. Bu gün Ukraynada yeni istehsal müəssisələri formalaşdırılır və sahibkarlara vergi, gömrük güzəştləri tətbiq olunur. Bütün bu işlər şiddətli müharibəyə paralel olaraq aparılır.
- Ukraynada yaşayan azərbaycanlılar arasında koordinasiya hansı səviyyədədir? Soydaşlarımız arasında qarşılıqlı təmaslar davam edirmi?
- Ukraynada yaşayan süoydaşlarımız müharibənin ilk günündən etibarən Rusiyaya qarşı səfərbər olunublar. Baxmayaraq ki, müharibə müəyyən məhrumiyyətlərə yol açır, azərbaycanlılar bir an belə, geri çəkilmirlər. Ukrayna vətəndaşları kimi, onlar da da sözün əsl mənasında, ləyaqətli davranış nümayiş etdirirlər. Yüzlərlə azərbaycanlı qəhrəmanlıq göstərir, Ukraynanın azadlığı uğrunda döyüşlərdə iştirak edir. Şübhəsiz ki, soydaşlarımız arasında təmaslarımız mövcuddur və mütəmadi olaraq görüşür, fikir mübadiləsi aparırıq. Çətinlik bizi qorxutmur, əksinə, daha da birləşdirir.