Bəstəkar - müğənni Murad Arif son günlər sosial şəbəkədə geniş müzakirə olunan "Antiterror tədbirləri zamanı Vətən şəhid verdiyi üçün toylar təxirə salınmalıdır" mövzusuna münasibət bildirib.
Asayis.Az xəbər verir ki, sosial şəbəkə hesabında məsələ ilə bağlı post paylaşan sənətçi bildirib ki, toy edənləri qınamaq olmaz.
"Gedən hər can bizdəndir. Sənət adamı olaraq, səhnələrimiz, çıxışlarımız hər günə yazılıb. Yenə də öz millətimizin işinə yarımaq, onların xidmətimdə dayanaraq, işləyirik.
Toy edənlər də yurdumun insanıdır. Bir məclisin min dənə hazırlığı, mərasimi, qayğısı var. Onları da qınamaq olmaz. Ləğv etmək, təxirə salmaq ayrı dərd...
Azərbaycana yeni ailələr, sevinc və ruh yüksəkliyi çox lazımdır. Ruhumuz sınmasın. Amma yenə də, çıxdığım hər səhnə, oxuduğum hər mahnının arxasında elimizin ağrısını, dərdini yaşayıram. İş işdir... Həyat dayanmır... İçimizdə yasımızı tutaraq, işimizi görürük", - deyə Murad vurğulayıb.
Qeyd edək ki, sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olublar.