Rusiyanın Həştərxan vilayətinin Aleksandro-Marinsk xəstəxanasının həkimləri səkkizinci mərtəbənin pəncərəsindən yıxılan qadının həyatını xilas edə biliblər.
Zərərçəkmiş mənzilində pəncərələri yuyarkən yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər ona beyin travması, kürək, onurğa və çanaq sümüklərinin sınığı, qaraciyərin cırılması, döş sümüyünün və qabırğaların qapalı sınığı diaqnozu qoyublar.
“Belə pasientlərin sağ qalma nisbəti çox aşağıdır, ona görə də onu xilas etmək üçün bütün gücümüzü səfərbər etmişik. Xəstəxananın bütün işçiləri onun həyatı uğrunda mübarizə apardı”, - deyə həkim travmatoloq Vladimir Şevçuk bildirib.
Hadisədən bir ay sonra zərərçəkmişin vəziyyəti stabilləşib. Hazırda onun sol ayağının hərəkət funksiyaları tam bərpa olunub, lakin o, hələ yeriyə bilmir.